AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları - aparıcı elmi işçi, dos. Elina Kərimova, şöbə müdiri, dos. Zaur İmrani, böyük elmi işçisi Natəvan Cəfərova, elmi işçilər Bəyimxanım Hüseynova, Elnarə İsmayılova və doktorant Gülər Hidayətli Gürcüstanın Tbilisi şəhərində “Gürcüstan və Azərbaycan - Cənubi Qafqazda ekoloji sülhün qurulması üzrə elmi coğrafi tədqiqatlarda potensialın gücləndirilməsi” (Capacity Building in Geoscientific Research on Environmental Peacebuilding in the Southern Caucasus - Georgia and Azerbaijan) mövzusunda hibrid (həm əyani, həm də onlayn formatda) beynəlxalq konfransda iştirak edib.
Konfrans Almaniyanın Yustus Libix adına Qissen Universitetinin Coğrafiya şöbəsi, İ. Cavaxişvili adına Tbilisi Dövlət Universiteti nəzdində V. Baqrationi adına Coğrafiya İnstitutu və AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda coğrafiyada “Ekoloji sülh quruculuğu” (çox vaxt “Ekoloji sülhməramlılıq” da deyilir) kimi aktual sahə üzrə geniş spektrli məsələlər müzakirə olunub. Həmin istiqamətin məramı ətraf mühitin mühafizəsi üçün dinc münasibətli ölkələr, eləcə də münaqişəli münasibətdə olan ölkələr arasında əməkdaşlığa nail olmaqdan ibarətdir.
İnstitut əməkdaşları - N.Cəfərova “Transsərhəd ərazilərdə təbii ehtiyatların idarə edilməsi problemləri”, B.Hüseynova “Qarabağ bölgəsində çay ehtiyatlarının ekoloji vəziyyətindəki dəyişikliklər”, G.Hidayətli “Samur çayının ekoloji vəziyyəti və onun rayonun sosial-iqtisadi inkişafına təsiri”, E.İsmayılova “Göygöl Milli Parkının ekoturizm potensialı” mövzusunda konfransda məruzə ilə çıxış edib. Konfransda fəallıq göstərən bütün əməkdaşlar iştirakçıların verdiyi sualları qənaətbəxş cavablandırıblar.