Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Arif Həşimov, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, Fuad Əliyev və Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov iştirak ediblər.
İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub, akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Akademik Ramiz Mehdiyev akademik Arif Həşimovun yüksək intellekti, elmi-təşkilati bacarığı ilə seçildiyini, Akademiya əməkdaşları arasında nüfuza və hörmətə malik olduğunu deyib, onun bu vəzifədə böyük təcrübəsi olduğunu vurğulayıb.
Müzakirələrdə, o cümlədən akademiklər – İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Fikrət Əliyev və Adil Qəribov çıxış edərək akademik Arif Həşimovun alim və insan kimi müsbət məziyyətlərindən, elmi-təşkilati fəaliyyətindən danışıb, sözügedən vəzifəyə layiq olduğunu, işinin öhdəsindən uğurla gələcəyini bildiriblər.
Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.
Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katibi vəzifələrini yerinə yetirməsi qərara alınıb.
Sonra akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib, AMEA-nın nüfuzunun gücləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən işlərə öz əməli töhfəsini verəcəyini söyləyib.
Daha sonra iclasda Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinə hazırlıq barədə müzakirələr aparılıb.
Məsələ ilə bağlı məlumat verən akademik İbrahim Quliyev bildirib ki, Rusiya Elmlər Akademiyasının rəhbərliyinin noyabr ayının sonlarında ölkəmizə işgüzar səfəri gözlənilir. Akademik səfər çərçivəsində bir sıra görüşlərin keçiriləcəyini, o cümlədən hər iki ölkənin Elmlər Akademiyaları tərəfindən hazırlanmış “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol xəritəsi”nə dair yekun sənədin imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Müzakirələrdən sonra akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının rəhbər heyətinin ölkəmizə gözlənilən səfərinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.