Rusiyalı qonaqların iştirakı ilə görüş-seminar keçirilib 2021-11-10 12:30:00 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiyanın ən böyük təbii qaz istehsalçısı olan “Novatek” şirkətinin əməkdaşları və gənc alimlərinin, eləcə də Moskva Neft-qaz Biznesi İnstitutunun rektoru, t.e.n., i.e.d  Rüstəm  Şaqiyevin birgə iştirakı ilə Azərbaycanda neft-qaz sənayesinin müasir vəziyyəti və inkişaf perspektivləri, eləcə də nadir təbiət möcüzəsi olan palçıq vulkanları ilə əlaqədar görüş-seminar keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov qonaqları salamlayaraq,  tədbirin təşəbbüskarı R.Şaqiyevi və İnstitutun gənc mütəxəssislərini iclas iştirakçılarına təqdim edib. Səfərin məqsədini açıqlayan rektor Azərbaycanın neft istehsalı sahəsində böyük təcrübəyə malik inkişaf etmiş qabaqcıl ölkə olduğunu qeyd edib, azərbaycanlı neftçilərin uğurlarını yüksək qiymətləndirib.

Sonra İnstitutun baş direktoru Z. Eminov neftin Azərbaycan  iqtisadiyyatındakı rolu haqqında geniş təqdimatla çıxış edib, seminar iştrakçılarının suallarını ətraflı cavablandııb. Məruzənin sonunda MNQBİ-nin rektoru rusiyalı alimlərin elmi fəaliyyətini əks etdirən kitabları Z.Eminova  təqdim edib.

Sonra qonaqlar İnstitut əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Elina Kərimova, Sitarə Tarixazər, İrina  Kuçinskaya, Samirə  Ələkbərova və c.ü.f.d Sevinc Məmiyevanın iştrakı ilə Qobustan rayonunda yerləşən Daşgil vulkanının yerləşdiyi  əraziyə səfər ediblər. Azərbaycanlı alimlər qonaqları yerli vulkanlarla tanış edərək, onları maraqlandıran suallara qənaətbəxş cavablar veriblər. Vulkanlar üzrə mütəxəssis E. Kərimova seminarın davamı olaraq təqdimatla çıxış edib. Səfərdən məmnun qalan qonaqlar azərbaycanlı mütəxəssislərə təşəkkürlərini bildiriblər.