Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunda Azərbaycan və Ermənistan arasında sərhəd məsələlərinin sovet dövrünün xəritələri əsasında həll ediləcəyini bildirib.
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov Baku TV-yə verdiyi müsahibəsində adı çəkilən xəritələri əsas gətirərək, sərhədlərin təyin edilməsi ilə bağlı ziddiyyətli məqamlara və Ermənistanın səsləndirdiyi saxta iddialara elə onların öz xəritəsi ilə cavab verib. Məhz elə həmin xəritəyə nəzər saldıqda mübahisəli ərazilərin Azərbaycanın suveren ərazisi olduğu aydın görünür. Ekspert kimi çıxış edən alim mübahisəyə 1902-ci ildə çar Rusiyası tərəfindən hazırlanmış tarixi xəritə ilə də aydınlıq gətirib. O bildirib ki, iki ölkə arasındakı anlaşılmazlıq işğaldan azad olmuş sərhədboyu zonada yerləşən, eləcə də Azərbaycana qaytarılmalı olan Ermənistan ərazisinə düşən Qazax rayonu kəndləri və artıq həllini tapmış Qaragöl ərazisi ətrafındadır. M.İsmayılov həmçinin bütün Qafqaz bölgəsi üçün böyük əhəmiyyət kəsb edən önəmli Zəngəzur nəqliyyat dəhlizindən də danışıb.