AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Elina Kərimova CBC Televiziya kanalının “Это Азербайджан” verilişinin iştirakçısı olub.
Verilişin palçıq vulkanlarına həsr olunan növbəti buraxılışına ekspert kimi dəvət olunan mütəxəssis bu unikal təbiət hadisəsi, onların yaranma və tədqiqat tarixi, formalaşma qanunauyğunluqları, tibbi əhəmiyyəti və s. haqqında maraqlı məlumatlar verib.
Azərbaycanın palçıq vulkanlarının vətəni sayıldığını diqqətə çatdıran E.Kərimova bildirib ki, Yer kürəsindəki palçıq vulkanlarının 45 faizi ölkəmizin payına düşür. Sayı 350-yə çatan bu vulkanların 70 faizi hazırda aktiv fəaliyyətdədir. Hündürlüyü 400 metrə çatan dünyanın ən böyük Turağay və ən aktiv Lökbatan vulkanları da Azərbaycan ərazisindədir.
Maraqlı faktlardan biri də palçıq vulkanları ilə neft yataqlarının bir-birinə yaxın məsafədə yerləşməsidir. Belə ki, palçıq vulkanının püskürməsi yaxınlıqda neft yataqlarının olmasından xəbər verir. Alim həmçinin palçıq vulkanlarının zəlzələlər və dəniz səviyyəsinin dəyişkənliyi ilə əlaqəsindən, Azərbaycan alimlərinin palçıq vulkanlarının tədqiqi sahəsində əldə etdikləri nailiyyətlərdən də söhbət açıb.