Akademik Budaq Budaqovun 85 illik yubileyi 2013-02-28 12:05:00 / TƏDBİRLƏR

Haqdan qulağıma tanış səs gəlir,

Bir az yorğun gəlir, təngnəfəs gəlir,

Adını çəkirəm, adın nəhs gəlir,

Dünya birtəhərdir, Budaq müəllim.

 

Biz həyat deyirdik, həyat yuxuymuş,

O bu gün varıymış, sabah yoxuymuş,

Şirini nəymiş ki acısı buymuş?

Şərbəti zəhərmiş, Budaq müəllim.

 

Çağırsam uzaqdı, səsim yetişməz,

Canda can yarası sızlar, bitişməz,

Mənsiz ötüşən iş sənsiz ötüşməz,

Əyən əyilərmiş, Budaq müəllim.

 

Ruhunmu toxunub bu şerin üstə?

Nə göyün altdayam, nə yerin üstə,

Dünən yağış töküb qəbrinin üstə,

Göy otlar göyərmiş, Budaq müəllim.

 

Sən ki o vətənə qayıdasıydın,

Qaçqının, köçkünün soy atasıydın,

Təzədən böyüyüb boy atasıydın,

Bax, buna dəyərmiş, Budaq müəllim,

Dünya birtəhərmiş, Budaq müəllim!

Kövrək duyğular üstündə köklənmiş bu sətirlər  2013-cü il  fevralın 27-sində   Coğrafiya Institutunun akt zalında böyük alim, görkəmli içtimai xadim, ağsaqqal pedaqoq, akademik Budaq Budaqovun özünün iştirak etmədiyi ilk yubiley tədbirində müəllifin - xalq şairi Nəriman Həsənzadənin  dilindən səslənmişdir.               

AMEA-nın prezidenti vəzifəsini icra edən  akademik Akif Əlizadə iştirakçıları salamlayaraq tədbiri aççıq elan etdi. O, görkəmli alimin şərəfli həyat yolundan söz açıb, onun geomorfologiya, landşaftşünaslıq, toponimika, xəritəçilik və s.sahələrdə əldə etdiyi nailiyyətlərdən, aqsaqqallar şurasındakı yorulmaz fəaliyyətindən, olduqca bacarıqlı təşkilatçı kimi alimləri ətrafına toplayıb böyük səmərə verən elmi tədqiqatlar aparmasından, toponimika sahəsindəki araşdırmaları ilə erməniləri ifşa etməsindən və s. danışdı, sonra isə 1 dəqiqəlik sükütla  alimi yad etməyi xahiş  etdi.

    İnstitutun direktor vəzifəsini icra edən, akademiyanin müxbir üzvü, professor Ramiz Məmmədov Budaq Budaqovun elmi yaradıcılığından bəhs edərək, onun elm sahəsində özünü təsdiq edən çox ciddi bir alim olduğunu qeyd etdi və dedi ki, keçmiş SSRİ məkanında getdiyim bütün yerlərdə onu həmişə xəbər almış, əsərləri ilə yaxından maraqlanmışlar. Budaq müəllim özünü reklam etmədən, həyatını riskə ataraq müxtəlif ekspedisiyalarda iştirak edirdi. Tədqiqat apardığı müxtəlif dövrlərdə çap etdirdiyi yüzlərlə elmi məqalə, monoqrafiya və xəritələri, xüsusilə də təbii dağıdıcı proseslərə – sellərə, sürüşmələrə, zəlzələlərə və həmçinin ekoloji gərginlik problemlərinə həsr olunmuş əsərlərindən ölkədə yerinə yetirilən mühəndis geomorfoloji, meliorasiya, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı işlərində dəfələrlə istifadə edilmişdir.

Xalq şairi Nəriman Həsənzadə Budaq Budaqovun dahi şəxsiyyət olaraq təbiət, əddəbiyyat, fəlsəfə, poeziya vurğunu kimi bu sahələrdə çoxsaylı məqalələrin, kitabların müəllifi olmasını diqqətə çatdırdı. O, böyük alim haqqında xatirələrini bölüşərək bildirdi: “Mən onunla, o isə mənimlə fəxr edirdi. Selləri öyrənmək istəyirdi, vaxt çatmadı, onu sellər apardı. Arzu edərdim ki, onun həyat və yaradıcılığı kütləvi informasiya vasitələrində daha geniş təbliğ olunsun və  gənclərimiz ondan örnək götürsünlər.”  Şair öz çıxışını  Budaq müəllimə həsr etdiyi şerini səsləndirməklə bitirdi.

     Tədbirdə ADU-nun rektoru Abel Məhərrəmov, coğrafiya e.d.professor Şövqi Göyçayli, B.Budaqovun qohumu, Respublikanin hərbi prokuroru Xanlar Vəliyev, şair Hikmət Mahmüd akademik Budaq Budaqovla bağlı xatirələrini dilə gətirərək onun  elmi, içtimai, pedaqoji fəaliyyətindən,  necə qayğıkeş, mülayim, xeyirxah bir insan olmasından danışdılar. Tədbirin sonunda alimin qızı  Sevinc xanım ailəsi adından  bu yubileyin keçirilməsinə, Budaq müəllimin timsalında Azərbaycan elminə verdiyi dəyərə görə tədbirin təşkilatçıları və iştirakçılarına  öz minnətdarlığını bildirdi.