Ə.V. Məmmədov Qax rayonunun İlisu kəndində anadan olmuşdur.

1948-ci ildə Qax–Muğan orta məktəbini, 1953-cü ildə BDU-nun Geologiya-coğrafiya fakültəsini geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1956-cı ildə Azərbaycan EA Geologiya Institutunun aspiranturasını bitirmiş, «Kür və İori çayları arasının geoloji şəraitlə əlaqədar təbii neft-qaz təzahürlərinin tədqiqi» mövzusunda namizədlik, 1978-ci ildə isə «Orta Kür çökəkliyinin neftlilik-qazlılığı ilə əlaqədar geoloji quruluşu və inkişaf tarixi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1956–1958-ci illərdə Azərbaycan EA Neft Ekspedisiyasında, 1958–1971-ci illərdə isə Geologiya Institutunda işləmişdir.

O, 1989-cu ildə Respublika Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü-akademiki seçilmişdir.

1972–2002-ci illərdə Azərbaycan EA Coğrafiya Institutunun «Paleocoğrafiya» şöbəsinə rəhbərlik etmişdir. Üç elmlər doktoru, 8 elmlər namizədi hazırlamışdır.

O, regional geologiya, tektonika, dördüncü dövr geologiyası və paleocoğrafiyası sahələrində fəaliyyət göstərmişdir. Onun əsas elmi tədqiqatları Qafqazın, o cümlədən Azərbaycanın və Xəzər dənizinin geoloji quruluşunun, geoloji inkişaf tarixinin öyrənilməsinə, Azərbaycanın neftli-qazlı çöküntü komplekslərinin müəyyənləşdirilməsinə, Cənubi Qafqazın iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, ibtidai insan cəmiyyətlərinin formalaşmasında və onların maddi-mədəniyyətlərinin inkişafında təbii mühitin rolunun tədqiqinə həsr olunmuşdur.

1960-cı ildən Azərbaycanda nəşr olunmuş bir neçə geoloji xəritələrin (geoloji-tektonik, neotektonik, dördüncü dövr çöküntüləri), SSRİ-nin cənubunun tektonik və neotektonik xəritələrinin, Qafqazın tektonik xəritəsinin, SSRİ-nin litoloji-paleocoğrafi atlasının, SSRİ-nin Üst pleystosen və Holosendə paleocoğrafiyası atlasının, Avrasiya şelflərinin litoloji-paleocoğrafi xəritələr atlasının müəlliflərindən biri olmuşdur.

Ə.V. Məmmədov 10 kitabın, 300-dən çox elmi əsərin müəllifidir. Onlardan «Orta Kür çökəkliyinin Sarmat çöküntülərinin struktur-fasial xüsusiyyətləri və neftlilik perspektivliyi» (1968), «Orta Kür çökəkliyinin geoloji quruluşu» (1973), «Orta Kür çökəkliyinin neftliliklə əlaqədar paleocoğrafiyası və geoloji inkişaf tarixi» (1977), «Qərbi Azərbaycanın geologiyası və neft-qazlılığı» (M.H. Ağabəyovla birlikdə, 1960), «Neft geologiyası üzrə izahlı lüğət» (S.H. Salayev və Q.A. İsmayılovla birlikdə, 1959), «Azərbaycan Dördüncü dövr çöküntülərinin geologiyası» (1978), «Azərbaycanın Erkən və Orta pleystosendə paleocoğrafiyası» (B.C. Ələsgərovla birlikdə, 1988) və başqaları alimə böyük elmi şöhrət gətirmişdir.

Ə.V. Məmmədov çoxillik məhsuldar elmi-təşkilatı fəaliyyətinə görə 1978-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı fəxri adına layiq görülmüşdür.