Elmi seminarda “Xocasən gölünün su balansı” mövzusunda məruzə dinlənilib 2017-12-21 12:08:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dekabrın 20-də keçirilən Elmi  sminarında Xəzər Universitəsinin  kafedra müdiri, c.ü.f.d. Rövşən Abbasov “Xocasən gölünün su balansı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Abşeron yarımadasının qərb hissəsində yerləşən  Xocəsən gölü  Abşeron göllərinin bərpası planı çərçivəsində təmizlənməsi nəzərdə tutulan əsas göllərdən biridir. Bu plana əsasən Xocəsən gölü təmizlənəcək, ətraf ərazilərdə isə mədəniyyət və istirahət yerləri yaradılacaq.

Gölün su balansını  hesablayarkən mövcud iqlim məlumatlarından, çöl işlərinin nəticələrindən və hidroloji modellərdən istifadə edən tədqiqatçı müəyyən edib ki, gölə tökülən çirkab sularının dayandırılması qısa müddət ərzində göl ekosistemində müsbət nəticələrə səbəb olsa da, uzunmüddətli dövr üçün mənfi nəticələr də verə bilər. Bildirilib ki, hazırda sürətli urbanizasiya nəticəsində göl özünün əsas təbii su mənbələrinin bir qismindən məhrum olmuş və bu təbii mənbələri Xocəsən qəsəbəsindən daxil olan çirkab suları əvəz etmişdir. Göl hövzəsinə düşən yağıntıların da böyük bir qismi bu çirkab sulara qarışır. Əgər bu çirkab suları mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşularsa, gölün səviyyəsi tədricən azala bilər. Bu isə Xocəsən gölünün axarsız gölə çevrilməsinə və tədricən şorlaşmasına səbəb olar. Buna görə də gölün səviyyəsini saxlamaq üçün göl hövzəsində sutəmizləmə qurğularının tikilməsi və təmizlənmiş suların gölə axıdılması daha məqsədəuyğun hesab olunur.