Şair-publisist Oqtay Zəngilanlı vaxtılə orta məktəbdə dərs dediyi, sonralar isə dostluq etdiyi Coğrafiyaçı alimlər – Coğrafiya İnstitutunun sabiq direktor müavini, dosent Məhərrəm Həsənova və Zahid Məmmədova şer həsr edib.
Şairin Cİ-də M.Həsənovun 67-ci doğum günü müəllifi olduğu “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsiri” monoqrafiyasının təqdimatı zamanı səsləndirdiyi həmin şeri diqqətinizə təqdim edirik:
Elə bil qırılıb qoşa qanadım,
İtirib axarın günüm, saatım,
Qəlbimi titrədir naləm, fəryadım,
İşimdə sızlayır bir “Yanıq Kərəm”,
Səsimə səs vermir Zahid-Məhərrəm!
Susmuşam, lal olub danışan dilim,
Batıbdır nəfəsdən gələn səs telim,
Elmin itkisidir hər iki alim,
Gözlərin tor almış qoca zərgərəm,
Səsimə səs vermir Zahid-Məhərrəm!
Ömrümün yolları sazaqlı, qışlı,
Üzümdə dinclik var, içim savaşlı,
Sinəmdə təlatüm, gözlərim yaşlı,
Bu ağır itkiyə çox dözəmmərəm,
Səsimə səs vermir Zahid-Məhərrəm!
Oqtayam, içimin tufanı yatmır,
Haraya çatacaq, harayım çatmır,
Yatan dərin yatıb, səsim oyatmır,
Fırlanır başıma geniş Yer kürəm,
Səsimə səs vermir Zahid-Məhərrəm!
26.08.2021.