AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişinin qonağı olub.
Xəzər dənizinin quruması probleminə həsr olunmuş verilişdə okeanoloq alim mövzu ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, Xəzər dənizinin unikallığı, zəngin biomüxtəlifliyi, karbohidrogen ehtiyatlarının bolluğu ilə yanaşı səviyyəsinin geniş diapazonda daim dəyişməsi xüsusiyyəti də vardır. Tarix göstərir ki, müxtəlif vaxt dönəmində dənizin səviyyəsi bir neçə metr aşağı endiyi kimi, müəyyən zaman keçdikdən sonra bir o qədər də qalxmağa başlayır. Ona görə də sahilyanı ərazilərdə kommünikasiyaların yaradılmasında, müəyyən obyektlərin tikintisində bu xüsusiyyət nəzərə alınmalı, tikililər hündürlükdə qurulmalıdır.
Sahil zonasının mənimsənilməsinin strategiyasını işləyən və ömrünün böyük hissəsini Xəzər dənizinin tədqiqinə həsr edən akademik bildirib: "Xəzərlə yola getmək üçün onun tarixi dinamizminə adaptasiya olunmaq lazımdır".