Coğrafiya İnstitutunda SİSM İB-nin iclasi keçirilib 2021-02-16 03:56:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi  ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi ilə Coğrafiya İnstitutunun birgə iclası keçirilib.

Akademik R.Məmmədov  gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra İB-nin icraçı direktoru, c.ü.f.d., dosent Rəşail İsmayılov 2020-ci il üçün Birliyin fəaliyyəti haqqında hesabatı təqdim edib. Məruzəçi gənclərə sudan səmərəli istifadəni aşılamaq, onların su haqqındakı elmi biliklərini artırmaq, cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədilə SİSM İB-nin “Su sərvətdir! Qənaət etməyi öyrənək” layihəsi haqqında geniş məlumat verib, gənclərlə müvafiq təlimlərin keçirilməsi, uyğun məruzələrin oxunması, Böyükşor gölünə ekskursiyanən təşkili haqqında danışıb.  O həmçinin,  hesabat ilində Birlik üzvlərinin su ehtiyatlarından səmərəli istifadə barədə televiziyada çıxışı, web-seminarlarda iştirakı, İkinci Qarabağ döyüşlərində iştirak etmiş gənc qəhrəmanlarla hazırlanmış videoreportaj haqqında da məlumat verib, iclas iştirakçılarının suallarını cavablandırıb.

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin 2020-ci ildə, pandemiya dövründəki fəaliyyəti “kafi” qiymətləndirilib.

Sonra Amin  Məmmədov  hazırladığı “Ətraf mühitimizi dövlətimiz ilə birlikdə qoruyaq” adlı layihənin təqdimatı ilə  çıxış edib. O bildirib ki, layihə çərçivəsində eyni adlı sənədli film hazırlanmış, filmdə  ətraf mühitin qorunması sahəsində mövcud vəziyyət, bu istiqamətdə görülən işlər, ekoloji məsələlərdə cəmiyyətin üzərinə düşən məsuliyyət və digər məsələlər geniş şəkildə işıqlandırılmışdır. layihə nəticəsində bir sıra  uğurlara nail olunduğunu qeyd edən  A.Məmmədov film vasitəsi ilə ətraf mühitin qorunması və təbii ehtiyatların düzgün idarə edilməsi sahəsində cəmiyyətin maariflənməsinə töhvə verilmiş olduğunu diqqətə çatdırıb.

Növbəti məsələ görkəmli hidroloq alim, Coğrafiya İnstitutunun keçmiş direktoru, coğrafiya elmləri doktoru, professor  Saleh Rüstəmovun anadan olmasının 110 illiyi ilə bağlı konfransın keçirilməsinə həsr olunub. Qərara alınıb ki, yubileyə həsr olunmuş konfrans Azərbaycan Coğrafiya Cəmiyyəti, Coğrafiya İnstitutu və “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilsin. Alimin hidrologiya sahəsindəki böyük xidmətlərini nəzərə alaraq, yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün AMEA prezidentinə təşkilatçılar adından rəsmi müraciət təqdim edilməsi məsləhət görülüb.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021