Cİ alimi Kuba nümunəsini Azərbaycan səhiyyəsi üçün məqbul sayır 2020-08-05 17:05:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin Azpolitika.info saytında “Cəsur və qürurlu ölkənın təmənnasız həkimləri - yaxud Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi” adlı məqaləsi dərc edilib.

Ölkəmizdə hökm sürən Covid-19 koronovirusunun tədricən müsbət dinamikaya qədəm qoyduğunu qeyd edən müəllif məqaləsində ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş xeyli sayda tibbi müəssisə - xəstəxananın, poliklinika və s. tikilib istifadəyə verildiyini və səhiyyə sisteminin inkişafına hər il dövlət büdcəsindən milyonlarla manat vəsaiti sərf edildiyini vurğulayıb.

Pandamiya ilə mübarizədə  fədakar həkimlərimizin əməyini yüksək qiymətləndirən R.Fətəliyev  koronavirusla mübarizədə kömək üçün Kubalı həkimlərin Azərbaycana gəlişinə böyük önəm verib.

Geoloq alim hələ sovet dönəmində texniki yardım çərçivəsində filiz yataqlarının axtarışında və öyrənilməsində həmkarlarına yardım məqsədilə Kubada 3 illik  ezamiyyətdə olarkən yerli həkimlərin bacarığını və eləcə də  Kubanın öndə gedən  səhiyyə sistemini müşahidə etmiş  bir şəxs kimi təəssüratlarını bölüşüb. Bildirilir ki, həmin dövrdə bu ölkədə texniki sahələr üzrə mütəxəssis çatışmazlığına baxmayaraq, səhiyyə yüksək səviyyədə inkişaf etmişdi. İxtisaslı həkimlər dərmanların böyük əksəriyyəti yerli istehsal olmaqla, müasir avadanlıqlarla təchiz  edilmiş xəstəxanalarda xalqa xidmət edirdilər. İndi də Kuba səhiyyəsi dünyada çox yüksək qiymətləndirilən bir səviyyədədir.

R.Fətəliyev onu da diqqətə çatdırıb ki, ötən əsrin 60-80-ci illərində 700-ə yaxın kubalı tələbə Bakıda texniki sahədə təhsil alırdı və onların problemlərinin həlli üçün Bakıda hətta müvəqqəti konsulluq xidməti də təşkil edilmişdi. Alim həkim ixtisasına yiyələnmək üçün 100 azərbaycanlı tələbənin hər il olmaqla, beş il dalbadal dövlət hesabına Kubaya göndərilməsini təklif edib və digər ölkələrlə müqayisədə bunun iqtisadi cəhətdən və keyfiyyət baxımından daha sərfəli olacağına əminliyi bildirib.