AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov növbəti dəfə “Speys” televiziya kanalının qonağı olub.
AMEA ilə birgə, Azərsu və Azərenerji ASC, Ekologiya və Səhiyyə nazirliklərinin nümayəndələri və jurnalistlərin iştirak etdiyi “El bizim, sirr bizim” verilişində Azərbaycan çaylarında yaranmış azsululuq, su çatışmazlığı problemləri müzakirə olunub, vəziyyətdən çıxış yolları haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanın əsas su arteriyası olan Kür çayında su səviyyəsinin azalma səbəblərindən danışan coğrafiyaşünas alim transsərhəd çaylarından istifadə üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayan və heç bir öhdəlik daşımayan qonşu Gürcüstan ərazisindən gələn Kür çayı suyunun 25 faiz azalmasının, Azərbaycan ərazisindəki buzlaqların, eləcə də yağan qarın 2 dəfə azalmasının nəticədə yağıntı və buzlaq suları ilə qidalanan çayların suyunun azalmasına səbəb olduğunu diqqətə çatdırıb. O həmçinin Kürdə yaranmış vəziyyəti düzəltmək üçün çayın deltasında yığılıb qalmış lilin təmizlənməsini vacib hesab edib. Şirin su çatışmazlığından danışarkən M.Həsənov Azərbaycanda su probleminin həllində qənaətçiliyin mühüm rol oynadığını - işlənmiş suyun emalından sonra onun təkrar istifadəsini, yağış, qar sularının navalçalar vasitəsilə toplanaraq suvarmada və digər məqsədlərlə istifadəsini, evlərə gələn suyun boşuna axıdılmasına yol verilməməsini çıxış yolu kimi gördüyünü qeyd edib.