AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda karantin şəraitinə uyğun olaraq Skype vasitəsilə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.
Dosent Məhərrəm Həsənovun sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və AMEA Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.
İclasda magistrantlar – landşaftşünaslıq ixtisası üzrə Yeganə İbadlı “Lənkəran təbii vilayəti landşaftlarına antropogen təsirlərin ekoloji qiymətləndirilməsi” və fiziki okeanologiya ixtisası üzrə İradə Əhlimanova “Xəzər dənizinin səviyyə tərəddüdlərinin Qızılağac körfəzinin hidrometeoroloji şəraitinə təsirinin tədqiqi” mövzularında disertasiya işlərini təqdim ediblər.
Müzakirələrdən sonra səsvermə keçirilib və dissertasiya işləri müvafiq olaraq qiymətləndirilib. Nəticələrə əsasən magistrantlara magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.