AMEA-da İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib 2020-02-12 12:02:00 / MÜHÜM HADİSƏLƏR

Fevralın 12-də AMEA-da Akademiya əməkdaşlarının Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev giriş sözü ilə çıxış edərək son vaxtlarda Akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, bu cür görüşlərin təşkilində başlıca məqsədin AMEA-nın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etmək, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Akademiya rəhbəri bu formatda ünsiyyətin mövcud problemləri bilmək, onların həlli yolunu eşitmək və qurumlar arasındakı birbaşa ünsiyyətə əngəl törədən süni maneələrin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Akademik Ramiz Mehdiyev AMEA ilə dövlət müəssisələri arasındakı münasibətlərdən danışaraq bildirib ki, uzun illərdir bu elm ocağı ilə hökumət qurumları arasındakı münasibətlərdə durğunluq və boşluq hökm sürmüş, ölkənin inkişafı üçün zəruri əməkdaşlıq olmamışdır. Bunun nəticəsində böyük potensiala malik Elmlər Akademiyası yeni dövrün quruculuq proseslərindən kənarda qalmış, cəmiyyətin inkişafına öz töhfəsini verə bilməmişdir. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün apardığı islahat və yenilənmə xəttinə aktiv şəkildə qoşulmaq, ona dəstək vermək hər bir vətəndaşın, xüsusilə alimlərimizin mənəvi borcudur. Ümid edirəm ki, hər iki tərəf – həm alimlərimiz, həm də dövlət strukturlarının nümayəndələri formalaşmaqda olan əməkdaşlıq platformasından səmərəli şəkildə istifadə edib, mövcud imkanları dövlətin ümumi mənafeyi naminə səfərbər etməyə nail olacaqlar”, - deyə akademik Ramiz Mehdiyev əlavə edib.

Bu gün Akademiyanın geniş imkanlara malik olduğunu diqqətə çatdıran AMEA rəhbəri ölkənin sosial-iqtisadi inkişafına və digər sahələrə elmin təsirinin qənaətbəxş olmadığını vurğulayıb: “Dövlət strukturlarının elm ictimaiyyətinə tərəf yönəlməsi, onunla sıx əməkdaşlıq etməsi böyük perspektivlər vəd edir. Akademiyanın müxtəlif strukturları ölkəmizin sənaye və iqtisadi qüdrətinin artırılmasına lazımi töhfələr vermək iqtidarındadır. Son illər Akademiyanın institutlarında olduqca aktual və faydalı elmi araşdırmalar aparılıb. Lakin təəssüf hissi ilə bildirməliyəm ki, onların tətbiq edilməsi üçün dövlət orqanları tərəfindən sifarişlər olmamışdır. Akademiyanın strukturları da bu məsələyə passiv yanaşmışlar.”

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşün qeyd olunan çətinliklərin aradan qaldırılması, yeni əməkdaşlıq körpülərinin salınması baxımından faydalı olacağına, elmi potensialın iqtisadi proseslərə səmərəli şəkildə cəlb edilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Sonra nazir Mikayıl Cabbarov çıxış edərək tədbirin AMEA-nın müxtəlif elmi müəssisələri ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrin aparılması, prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Son illər ölkə iqtisadiyyatının əksər sahələrində dinamik inkişafın müşahidə olunduğunu deyən nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin qarşısında duran əsas vəzifə ölkənin dayanıqlı inkişafına nail olmaqdır.

Mikayıl Cabbarov hazırda respublikamızda qeyri-neft sektorunun inkişafının iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, milli iqtisadiyyatın tərəqqisinə yönələn tədbirlərin qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir etdiyini, bu tədbirlər sırasında son illər investisiya siyasətinin düzgün qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkədə aparılan iqtisadi islahatların prioritet istiqamətlərindən bəhs edən nazir diqqətə çatdırıb ki, əsas məqsəd iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır. Mikayıl Cabbarov qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə artırılması, dövlət investisiyalarının iqtisadi səmərəsinin çoxaldılması, eləcə də kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın minimum endirilməsi istiqamətlərində görülən işlərdən danışıb. Əlavə edib ki, aparılan islahatlar nəticəsində qeyri-neft sektorunda fəaliyyət göstərən şəxslərin sayının ötən il ərzində 18 faizdən çox artması vacib göstəricilərdən biridir.

Nazir ölkədə aparılan vergi siyasətindən də söz açaraq, bu siyasəti iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin mühüm faktoru kimi qiymətləndirib. Vurğulayıb ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişləndirilməsindən ibarət olmalı, iqtisadiyyatın tərəqqisinə yönəlməlidir.

Sonra Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına dair statistik göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra nazir Akademiya əməkdaşlarının suallarını cavablandırıb.

Tədbirdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsində AMEA-nın potensialından istifadə, İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması, qeyri-neft sektoru üzrə elmə ayrılan investisiyalar və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda akademik Ramiz Mehdiyev görüşdə iştirak etdiyinə görə Mikayıl Cabbarova AMEA-nın kollektivi adından dərin minnətdarlığını bildirib, aparılan müzakirələr nəticəsində əməli tədbirlərin həyata keçiriləcəyinə və müsbət nəticələrin əldə ediləcəyinə əmin olduğunu vurğulayıb.

AMEA-nın science.gov.az saytı, 12.02.2020 19:49

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024