AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İctimaiyyətlə Əlaqələr şöbəsinin illik hesabatı dinlənilib.
Təqdimatla çıxış edən Xanım Rzazadə əvvəlcə şöbənin strukturu, fəaliyyət istiqamətləri, 2019-cu ildə görülən işlər, aparılan monitorinqin nəticələri haqqında məlumat verib. O qeyd edib ki, Şöbə öz fəaliyyətində coğrafiya elminin təbliğinə geniş yer ayırır. Belə ki, bu istiqamətdə hesabat ilində 150-dən artıq press-reliz hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb. Onların arasında iqlim dəyişkənliyi, onun insan sağlamlığına və kənd təsərrüfatına təsiri, torpaqların deqradasiyası, külək elektrik enerjisindən istifadə, Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, İnstitutun keçirdiyi elmi-praktiki konfranslar və digər tədbirlər, yaşayım məntəqə adlarının dəyişdirilərək erməni adları ilə əvəz olunması, yağıntı rejiminin dəyişmələri, geoarxeologiya və s. kimi mövzular KİV-lərdə daha çox işıqlandırılan xəbərlər sırasındadır. Məruzəçi həmçinin bildirib ki, bu il keçirilən konfranslar barədə 3 divar stendi və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş səsli və musiqili 15 dəqiqəlik video çarx hazırlanaraq uyğun tədbirdə nümayiş etdirilib.
İnstitut saytı canlı nümayiş etdirilərək haqqında geniş məlumat verilib.
Sonra X.Rzazadə statistik rəqəmlərə toxunaraq xəbərlərin KİV-lərdə yayılması, İnstitut saytına aylar üzrə müraciətlər, saytın “Xəbərlər” bölməsində yerləşən konfranslar, mühüm hadisələr, tədbirlər, nəşr fəaliyyəti, yubileylər, İnstitut əməkdaşlarının KİV-lərdə çıxışları, xaricdən və ölkəmizdən sayta daxil olmalar, sayt istifadəçilərinin ümumi sayı və yaş həddi və s. haqqında maraqlı məlumatlar verib.
Təqdimat İnstitut fəaliyyətinin cari ildə fotoşəkillərlə nümayişi ilə sona çatıb.