AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşları, təlimçilər – mühəndis Yaşar Nəsibov, elmi işçi Emil Cəbrayılov və ekspert, aparıcı elmi işçi, c.ü.f.d., dosent Qalib Rüstəmovun iştirakı ilə həyata keçirilən “Coğrafiya müəllimlərinin elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi” layihəsi başa çatıb.
Rəhbəri c.ü.f.d. Aqil İsayevin olduğu layihənin məqsədi rayon ümumtəhsil məktəblərində çalışan coğrafiya müəllimlərinin səviyyələrinin artırılması, elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi, inteqrativliyin təmin olunması və yeni təlim resurslarının coğrafiya fənninin tədrisində tətbiqi istiqamətlərinin təmin edilməsidir.
Layihə zamanı iştirakçılara coğrafi informasiya sistemləri və coğrafi analiz sistemləri haqqında akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə tərtib olunmuş və digər vəsaitlər, elektron xəritələr paylanıb, coğrafiyanın tədrisində onlardan istifadə qaydaları öyrədilib. Onlara eyni zamanda müxtəlif metodlardan istifadə qaydaları, coğrafi informasiya vasitələrinin tətbiq sahələri, coğrafi məlumat toplama üsulları və s. izah edilib.