AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Sabunçu rayonunun şəhid Fikrət Tağıyev adına 72 saylı məktəb-liseyində fəaliyyət göstərən "Kiçik Akademiya"nın tədbirində iştirak ediblər.
Şagirdlər tarın müşayiəti ilə “Kiçik Akademiya”ya həsr etdikləri himni səsləndiriblər. Məktəbin direktoru F.Abbasova qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq böyük işlərə imza atan “Kiçik Akademiya” üzvlərinin fəaliyyətindən, məktəb müəllimlərinin elmi-tədqiqat işlərinin aparılmasında şagirdlərə göstərdikləri dəstəkdən fərəhlə söhbət açıb.
Tədbirdə çıxış edən məktəb müəllimləri şagirdlərlə birlikdə apardıqları elmi araşdırmalardan, çöl təcrübələrdən danışıblar, Coğrafiya İnstitutunun gənc alimləri ilə birgə müasir texnologiyaların tətbiqi ilə elmi araşdırmalar aparmaq, kompüter proqramları vasitəsilə yeni elmi işlərə imza atmaq arzusunda olduqlarını vurğulayıblar.
Şuranın sədri, c.ü.f.d. Samirə Ələkbərova şagirdləri maraqlandıran sualları cavablandırıb, gələcəkdə şagirdlərlə birlikdə apara biləcəkləri tədqiqat işlərindən danışıb, İnstitut rəhbərliyi adından məktəb kitabxanasına çoxsaylı kitablar hədiyyə edib.
İnstitutun elmi katibi, c.ü.f.d., dosent Zərnurə Həmidova ona ünvanlanan suallara böyük həvəslə cavablar verib, müasir texnologiyaların tətbiqi ilə elmi təhlillər aparmağın yollarından, yeni tədqiqat metodlarından danışıb.
İnstitutun böyük elmi işçisi, c.ü.f.d. Sevinc Məmiyeva aktual problem olan ətraf mühitin çirklənməsindən danışıb, şagirdlərə ekologiyanı qorumağın yollarını izah edib, canlı orqanizmlərin varlığı üçün ətraf mühiti təmiz saxlamağın vacibliyini önə çəkib.