AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nəsimi rayonunun 240 saylı tam orta məktəbində İnstitut əməkdaşlarının müəllim-tələbə heyəti ilə görüşü keçirilib.
Əvvəlcə qonaqlar “Kiçik Akademiya” üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Sonra şagirdlər müəllimləri ilə birgə hazırladıqları qlobal istiləşmə, təbii fəlakətlərin təbiətə və insanlara vurduğu ziyanlar, günəş enerjisindən istifadə, ölkənin təbii ehtiyatları və s. mövzularda təqdimatlar ediblər. Məktəbin xüsusi qabiliyyətə malik 7-ci sinif şagirdi özünün hazırladığı robotları nümayiş etdirib.
GAMŞ-ın sədri, c.ü.f.d. Samirə Ələkbərova “Kiçik Akademiya” üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, çıxış edən şagirdləri dəstəklədiyini bildirib, bu istiqamətdə təşkil olunan tədbirlərin şagirdlərin elmə olan marağının artmasına imkan yaratdığını, onlara stimul verdiyini qeyd edib.
“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov ölkənin coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası kimi aktual mövzuların geniş təhlilinin verib.
İnstitutun elmi katibi, dosent Zərnurə Həmidova, “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, dosent Starə Tarixazər də çıxışçılara öz münasibətlərini bildiriblər, onlara elmi tövsiyələr veriblər, eyni zamanda, gələcək tədqiqat mövzularının seçimində şagidrlərə daha diqqətli olmağı məsləhət görüb , müasir texnologiyaların tətbiqi ilə təhlil aparmağın yollarını izah ediblər.