AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin növbəti iclası keçirilib.
İclasda Birliyin idarə heyətinin üzvləri ilə yanaşı tədbirə dəvət olunmuş Azəesu ASC-nin Mərkəzi laboratoriyasının rəhbəri Elçin Əliyev də iştirak edib.
Akademik R.Məmmədov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İlk əvvəl İctimai Birliyin üçillik fəaliyyət planının hazırlanması məsələsi müzakirəyə qoyulub. Bildirilib ki, fəaliyyət planına salmaq üçün işçi qrupları normativ hüquqi aktları nəzərə alaraq, sırf elmiliyə söykənməyən, bir neçə bənddən ibarət əhəmiyyətli təklif və müddəalar hazırlayaraq növbəti iclasa təqdim etsinlər. Ölkənin su ilə əlaqədar əhəmiyyətli qurumlarının diqqətini İctimai Birliyin fəaliyyətinə yönəltmək, onları birgə əməkdaşlığa maraqlandırmaq məqsədilə görülən konkret tədbirlər və layihələrlə müxtəlif qurumlara müraciət edilməsi məqsədəuyğun sayılıb.
“Abşeron ərazisində yerləşən göllərin müasir vəziyyəti”, “Su çatışmazlığı olan inzibati rayonların su təchizatı problemləri”, “Su qıtlığından əziyyət çəkən bölgələrdə kiçik su anbarlarının yaradılması”, “Çirkab suların təmizlənməsi” və s. mövzularda layihələrin işlənərək təqdim edilməsi qərara alınıb.
Ölkənin su ehtiyatlarının təyini məsələsi ətrafında c.ü.e.d. Rənabəyim Qaşqayın iştirakı ilə “Azərbaycanın su balansının təyin edilməsi üzrə ilkin təklif və ideyaların hazırlanması” layihəsinin işlənməsi yekdilliklə qəbul edilib.
Cİ-nin direktor müavini, dos. Məhərrəm Həsənov yağış suyundan səmərəli istifadə sahəsində təkliflə çıxış edib. O qeyd edib ki, Bakıya yağan yağışın miqdarı şəhərə daxil olan içməli suyun miqdarına bərabərdir. Evlərin damlarına yığılan suyu navalçalar vasitəsilə toplamaq və ondan həyətyanı sahələrin suvarılmasında istifadə etmək mümkündür. İdeya idarə heyəti tərəfindən bəyənilib və M.Həsənova mövzu üzrə layihə hazırlanması tövsiyə edilib.
Prof. Fərda İmanov 5 iyun – “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” münasibətilə tədbir hazırlanması haqqında məlumat verib. Qərara alınıb ki, mayın 31-də Azərsu ASC ilə birlikdə kütləvi informasiya vasitələrinin iştirakı ilə Dəyirmi Masa keçirilsin.
Sonra İB-yə şəxsi və kütləvi üzvlük, Birliyın loqosunun hazırlanması və digər məsələlərə baxılıb. İctimai Birliyin gələn iclasının keçirilməsi iyul ayının əvvəlinə təyin edilib.