AMEA akad. H Ə.Əliyev adına Coğrafiya İnstitutu Peleocoğrafiya şöbəsinin rəhbəri Yelena Tağıyevanın 60 illik yubileyi qeyd edilib. Direktor, akademik Ramiz Məmmədov bu münasibətlə yubilyarı İnstitut kollektivi adından təbrik edərək, ona can cağlığı, gələcək elmi fəaliyyətində nailiyyətlər arzu edib.
Yubilyara unvanlanmış təbrik məktubunun mətni:
ƏZİZ YELENA XANIM!
AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmağınızın 60 illiyi və çoxillik elmi-yaradıcılıq fəaliyyətiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və yaradıcılığınızda yeni-yeni uğurlar arzulayır.
Siz, 1981-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, həmin il təyinatla Coğrafiya İnstitutunun «Paleocoğrafiya» şöbəsinə işə qəbul edilmisiniz və o vaxtdan indiyə kimi həmin şöbədə yüksək elmi nəticələrlə işləyirsiniz. Bu illər ərzində gərgin zəhmətiniz və əzmkarlığınız sayəsində addım-addım püxtələşərək həmin şöbənin müdiri səviyyəsinə yüksəlmisiniz.
Yelena xanım! Əldə etdiyiniz elmi uğurlarınız sizin uzun illər çöl ekspedisiyalarında və laboratoriyalarda apardığınız tədqiqat işlərinin məntiqi nəticəsi və gərgin əməyinizin bəhrəsidir. Siz 1992-ci ildə coğrafiya üzrə fəlsəfə doktoru, 2011-ci ildə isə «Kaynazoyda Azərbaycan bitki örtüyü və iqliminin təkamülü» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək coğrafiya üzrə elmlər doktoru elmi dərəcəsi almısınız.
Sizin elmi fəaliyyətiniz olduqca çox çətin və mürəkkəb nadir bir sahəni - Azərbaycan torpaqlarının qədim tarixini, təbiətin paleocoğrafiyasının inkişaf dinamikasını, paleoiqlimini, bitki örtüyünü, paleoekoloji mühitin bərpasını və s. əhatə edir. Bu sahədə yeni söz demək, yeni bir elmi fikir söyləmək üçün minlərlə nümunəni, yüz minlərlə bitki tozcuğunu mikroskopda tədqiq etmisiniz. Əldə etdiyiniz elmi nəticələriniz nüfuzlu jurnallarda dərc olunmuşdur. 100-dən çox məqaləniz öz əksini tapmışdır. Neçə-neçə beynəlxalq konfranslarda çıxışlar edib, Azərbaycan elmini təmsil etmisiniz. Yeni elmi fikirlər demisiniz. Təbii ki, sizin elmi uğurlarınız həm də işlədiyiniz kollektivin və Coğrafiya elminin uğurlarıdır.
Yelena xanım! Sizi bir daha bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı və elmi fəaliyyətinizdə, həmçinin gənc kadrların yetişdirilməsində yeni-yeni uğurlar arzulayırıq!