AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov növbəti olaraq Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 232 saylı məktəbdə olub, “Kiçik Akademiya” üzvlərinin təqdimat mərasimində iştirak edib.
“Elmdən təhsilə” elm və təhsilin inteqrasiyası proqramına uyğun olaraq orta məktəblərdə “kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkil edilən yığıncaqda Bakı Şəhər Təhsil İdarənin nümayəndələri, məktəb direktorları, kiçik akademiyaların rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən E.Bədəlov təmsil etdiyi Coğrafiya İnstitutu ilə məktəb arasında mövcud olan sıx əlaqələrdən, İnstitut əməkdaşlarının dəfələrlə “Kiçik Akademiya” üzvləri ilə məktəbdə və Coğrafiya İnstitutunda baş tutan görüşlərindən, bu tədbirlərin şagirdlərin potensial imkanlarının üzə çıxarılmasında, onlarda elmi tədqiqatlara və elmi yaradıcılığa marağın artmasına müsbət təsirindən və sairdən söhbət açıb.
Yarandığı gündən uğurla fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri gördükləri işlər barədə tədbir iştirakçıları ilə bölüşüblər. Görüşdə iştirak edən məktəb direktorları bu “akademiyanın” müsbət təcrübəsindən yararlandıqlarını və ondan öz işlərində istifadə edəcəklərini diqqətə çatdırıblar.