AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun bir qrup əməkdaşı - coğrafiyası üzrə fəlsəfə doktorları, şöbə müdiri, Habil Haqverdiyev, Etibar Bədəlov, Rəfail Abdullayev və Sitarə Tarixazər, kiçik elmi işçi Zeynəb Mirzəyeva və doktorant Dilbər Məmmədova Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 232 saylı məktəbdə olublar.
Məqsəd şagirdlərdə coğrafiya elminə marağın və elmi dünyagörüşünün artırılması, onların yaradıcılıq və elmi tədqiqat işlərinə həvəsləndirilməsi, potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsidir.
İnstitut əməkdaşları məktəbdə coğrafiya fənninin tədrisi, şagirdlərin bilik səviyyəsi və fənnə olan marağı, coğrafiya ilə əlaqədar keçirilən tədbirlərlə maraqlanıb, “Kiçik akademiya”nın coğrafiya kafedrası şagirdlərinin iştirakı ilə coğrafiya aylığı çərçivəsində keçirilən “Azərbaycan - Odlar diyarı” mövzusundakı tədbirdə iştirak ediblər. Şagirdlər Azərbaycanın coğrafiyası haqqında hazırladıqları kompozisiyanı nümayiş etdirib, Azərbaycanın qədim şəhərlərinə, eləcə də yaşadıqları Bülbülə qəsəbəsinə həsr etdikləri təqdimatla çıxış ediblər.
Coğrafiya İnstitutunun əməkdaşları şagirdlərə coğrafiya elminin əhəmiyyəti, inkişafı, İnstitutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr və sairdən söhbət açıblar, onlara tövsiyələr verib, təhsildə uğurlar arzulayıblar. Onlar həmçinin “Kiçik adkademiya”nın şagird və müəllimlərini Coğrafiya İnstitutuna dəvət edərək onlara tədqiqat işlərində birgə əməkdaşlıq təklif ediblər.