Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilib. Təqdimat layihə rəhbəri, təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin coğrafiya müəllimi Camal Bərxudarov tərəfindən aparılıb.
Tədbirdə Yevlax rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Xaləddin Niftəliyev, Ağdaş rayon Qaradeyin kənd tam orta məktəbinin direktoru, “Ən yaxşı müəllim”, “Elektron Təhsil” respublika müsabiqələrinin qalibi, coğrafiya üzrə fəlsəfə doktoru Aqil İsayev, AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun əməkdaşları - Geoinformatika və kartoqrafiya şöbəsinin işçisi Yaşar Nəsibov, elmi işçi və Azərbaycan Coğrafiya Cəmiyyətinin məsul əməkdaşı Emil Cəbrayılov, layihəyə ekspert kimi cəlb olunmuş aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Qalib Rüstəmov, Yuxarı Qarxun kənd orta məktəbinin müəllim və şagirdləri, rayonun ümumtəhsil məktəblərindən dəvət olunmuş coğrafiya müəllimləri, media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaləddin Niftalıyev Təhsil Nazirliyinin həyata keçirdiyi müsabiqələr haqqında geniş məlumat verib, bu müsabiqədə fərdi kateqoriya üzrə qalib gəlmiş Camal müəllimin layihəsinin rayon üçün sevindirici hal olduğunu qeyd edib, gənc müəllimlərin İKT-nin üstünlüklərindən yararlanaraq öz bilik və bacarıqlarının artırılmasında maraqlı olduğunu, öz dəstəyini əsirgəməcəyini bildirib.
Camal Bərxudarov layihə haqqında məlumat verərək layihənin həyata keçirilməsi, məqsədi, məzmunu və gözlənilən nəticələrdən danışıb. Qeyd edib ki, Təhsil Nazirliyi 2018-ci il fevralın 14-də bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi elan edib. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil işçiləri arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Layihənin məqsədi coğrafiya müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, yeni təlim resurslarının hazırlanması və s. tədbirlərin həyata keçirilməsidir.
Layihənin icra müddəti 2018-ci il iyunun 20-dən oktyabrın 20-dəkdir. Layihə çərçivəsində həyata keçiriləcək təlimlərdə Yevlax, Bərdə, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində çalışan coğrafiya müəllimləri iştirak edəcəklər. Təlimlərdə coğrafiya müəllimlərinin İKT vasitələrindən istifadə bacarıqlarının inkişaf etdirilməsinə və müxtəlif məzmunlu elektron xəritələrin hazırlanmasına xüsusi yer ayrılacaq.
Tədbirdə layihəyə cəlb olunmuş ekspert və təlimçilərin çıxışları dinlənilib, suallar cavablandırılıb.