Son günlər respublikamızın kütləvi informasiya vasitələrində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovla bəzi jurnalistlər arasında anlaşılmazlıq yaranmış və bu, böyük əks-səda doğurmuşdur. Akademik R.Məmmədov bütün ömrünü elmə həsr etmiş və bu yolda sağlamlığını qurban vermiş, elmi ömrünün həyat qayəsinə çevirmiş, çox nüfuzlu, elmdə öz sözünü demiş və böyük inadkarlıqla öz tədqiqatlarını davam etdirən alimlərdəndir.
Sözsüz ki, o, jurnalistlər haqqında ”savadsız” ifadəsini işlədərkən bəzi jurnalistlər, yəni təsadüfən bu şərəfli fəaliyyət sahəsinə düşmüş üzdəniraq jurnalistləri nəzərdə tutmuşdur. Əgər belə jurnalistlər olmasaydı Azərbaycan Mətbuat Şurası “reket jurnalistlər”in qara siyahısını hazırlamazdı.
Biz də, akademik R.Məmmədov da respublikamızda ləyaqətli, savadlı jurnalistlərin olduğunu bilirik və onların əməyini yüksək qiymətləndiririk. İndi Ramiz müəllimə qarşı kəskin çıxış edən jurnalistlər respublikanın KİV-lərini araşdırsalar orada ən çox çıxış edənlər içərisində AMEA Coğrafiya İnstitutunun əməkdaşlarının seçildiyini asanlıqla görə bilərlər.
Akademik R.M.Məmmədovun Modern.az-ın əməkdaşına kobud cavab verməsinin kökündə həmin vaxt alimin çox əsəbi olması və həmin hadisədən bir neçə gün əvvəl onun fikirlərinin mətbuatda bir qədər təhrif olunmuş şəkildə, yəni “Bundan sonra Bakıya qar yağmayacaq” formasında verilməsi və bəzi qeyri-peşəkarların bu fikri daha qabarıq şəkildə hallandırması durmuşdur.
Bir fikrimizi də KİV-lərin diqqətinə çatdırmaq istərdik: yaxşı olardı ki, telefonla müsahibə alan müxbirlər həmin müsahibəni çap etdirməzdən və ya sayta yerləşdirməzdən əvvəl onu bir daha müsahibə aldıqları şəxslə razılaşdırsınlar.
Ümumiyyətlə, R.Məmmədov özü də, onun tapşırığı ilə İnstitutun aparıcı alimləri də mətbuatla daim sıx əməkdaşlıq etmişlər. Biz arzu edirik ki, baş vermiş bu xoşagəlməz hadisə hər iki tərəfdən mənfi hal kimi qiymətləndirilsin, alimlərlə mətbuat arasında narazılığın yaranmasının qarşısı alınsın və yenə də, əvvəlki kimi, coğrafiyaçılarla mətbuat arasında sıx əməkdaşlıq davam etdirilsin. Bu fikri akademik R.Məmmədov “Unikal.org” saytına müsahibəsində də bildirib: “Əgər əsəbi vəziyyətdə olmasaydım, bəlkə də belə fikirləri bildirməzdim”.