Bu gün AMEA-nın Coğrafiya İnstitutunda Novruz bayramı münasibətilə tədbir keçirildi. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov institut əməkdaşlarını qarşıdan gələn bayram münasibətilə təbrik etdi, Novruzun xalqımız üçün necə əhəmiyyətli, qəlbləri sevindirən, yeni həyat gətirən, ən çox sevilən bayram olduğundan danıışdı.
Natiq Novruzun tarixindən söz açaraq dedi ki, əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayramı xalqımız həmişə sevə-sevə qeyd etmiş, hətta Sovetlər dönümündə ona qadağa qoyulduğu bir vaxtda da insanlar evlərində səməni göyərtmiş, yumurta boyamış, xonça tutmuşlar. Ramiz müəllim çıxışına bahara aid gözəl şerlə yekun vurduqdan sonra institutun həmkarlar təşkilatının sədri Habil Haqverdiyev, elmi katib Luiza Salayeva, şöbə müdiri Nizami Eyyubov və digərləri də işçıləri təbrik edərək öz ürək sözlərini söylədilər. Həlimə Əhmədzadənin oxuduğu Səməd Vurğunun “Bahar” şeri hamının ürəyincə oldu. Tədbir iştirakçıları novruz süfrəsinin ləziz şirniyyatlarından dadaraq rəqs etdilər, şənləndilər. Bununla da tədbir başa çatdı.