Coğrafiya İnstitutunun dekabrın 23-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti elmi şurası ilə elmi seminarının birgə iclasında aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Quliyeva Sevilin dosent Kuçinskaya İrina ilə birgə hazırladığı “Azərbaycan landşaftlarının kompleks tədqiqatlarının nəticələri” mövzusunda məruzəsi dinlənilib.
Məruzə ətrafında çıxış edənlər mövzu ətrafında aparılan tədqiqatları yüksək qiymətləndirərək, elmi işin gələcək tədqiqatlarda mənbə rolunu oynaya biləcəyini qeyd ediblər. Akademik R.Məmmədov tədqiqatçıların zəngin material əldə etmələrini, əvvəlki xəritələrlə müqayisəli şəkildə təhlil apardıqlarını, mövzunun genişliyini nəzərə alıb məruzəni bir neçə hissəyə ayırmağın mümkünlüyünü diqqətə çatdırıb və bu istiqamətdə tədqiqatların davamlı olmasının vacibliyini xüsusi vurğulayıb.
Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova Şuranın 2015-ci il üçün illik hesabatını təqdim edib.
Daha sonra Cİ-nin elmi katibi Luiza Salayevanın AMEA-nın Coğrafiya İnstitutu üzrə 2015/2016-cı tədris ili üçün dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbulu haqqında məlumatı dinlənilib.
X.Rzazadə,
Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı