AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi Şura ilə Elmi Seminarın növbəti birgə iclasında c.ü.f.d. Nəriman Paşayevin “Azərbaycan respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin və onların iqtisadi-coğrafi qiymətləndirilməsinin nəzəri-metodoloji əsasları” mövzusunda məruzəsi dinlənildi.
Məruzədə zəlzələ, daşqın, sürüşmə, sel və bu kimi təbii fəlakətlərin Azərbaycan ərazisində yayılması, intensivliyi, dağıdıcı gücü və riskliliyi araşdırılır, əhaliyə və sosial infrastruktura dəyən ziyanın arialı və mahiyyəti tədqiq olunur. Təbii fəlakətləri iqtisadi, sosial, ekoloji növlərinə ayıran məruzəçi onların hər il ölkə iqtisadiyyatına 120-150 milyon dollar dəyərində zərər vurduğunu da diqqətə çatdırdı.
Sonra akademik R. Məmmədov 22 may 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasında ”Ulu öndər Heydər Əliyev – 92 və Coğrafiya İnstitutu – 70” adlı elmi konfransa hazırlığın gedişi haqda məlumat verdi, gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi.
Sonda institut əməkdaşları k.e.i. Emil Cəbrayılov və k.e.i. Nicat İmamverdiyevin Astara rayonunda ekspedisiyada olarkən çəkdikləri video materiallar nümayiş etdirildi.