Akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının növbəti iclası keçirildi.
İlk əvvəl İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə akademik Ramiz Məmmədovun Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri vəzifəsinə təyin edilməsini diqqətə çatdırdı. Bu xəbəri böyük sevinclə qarşılayan institut əməkdaşları səbəbkarı bu münasibətlə ürəkdən təbrik etdilər, gələcəkdə ona daha uca zirvələri fəth etməyi arzuladılar.
Sonra AMEA Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələri və onun çayların axımına təsiri” mövzusunda məruzəsi dinlənildi. Məruzəçi bildirdi ki, qlobal iqlim dəyişmələri dünya iqtisadiyyatına təsiri çox güclüdür və dünyada gedən proseslərin 80%-i məhz onlara görə baş verir. Alimin gəldiyi nəticəyə görə 1961-1990 çoxillik tsiklik dövrə görə Azərbaycan ərazisində orta çoxillik temperatur artımı +0,8C təşkil edir.
Daha sonra bu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üçün doktoranturaya və dissertanturaya qəbul planının layihəsi müzakirə edildi.
Coğrafiya İnstitutunun dissertantı, Lənkəran Dövlət Universitetinin əməkdaşı Qalib Əmənovun elmi məsləhətçi olan c.e.d., professor Bayram Ələsgərovun dünyasını dəyişməsi ilə əlaqədar c.e.d. Hüseyn Xəlilov dissertanta yeni elmi məsləhətçi təyin edildi.
Sonra akademik R. Məmmədov iclas üzvlərini Coğrafiya İnstitutunun 70 illik yubileyinə tədbirlər planı ilə tanış etdi.