Zaur İmrani: Coğrafiya elminin müasir metodları aqrar sektorun inkişafına mühüm töhfə verir 2026-11-27 15:49:00 / MÜSAHİBƏLƏR

    Müasir coğrafiya elmi ənənəvi tədqiqat metodları ilə yanaşı, rəqəmsal texnologiyaların tətbiqi hesabına yeni inkişaf mərhələsinə qədəm qoyub. Coğrafi İnformasiya Sistemləri (CİS), məsafədən zondlama, peyk monitorinqi, rəqəmsal relyef modelləri, süni intellekt və məkan statistikası aqrar sektorun idarə olunmasında yeni imkanlar yaradır.

       Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru dosent Zaur İmrani AZƏRTAC-a açıqlamasında bildirib ki, bu texnologiyaların aqrar istehsalda tətbiqi torpaq və su ehtiyatlarının vəziyyətini izləməyə, məhsuldarlığı proqnozlaşdırmağa və istehsal proseslərini optimallaşdırmağa imkan verir.

Rəqəmsal texnologiyalar vasitəsilə torpaqların rütubət və temperatur göstəricilərini izləmək, şoranlaşma risklərini əvvəlcədən müəyyənləşdirmək, əkin sahələrinin məhsuldarlığını proqnozlaşdırmaq, suvarma və gübrələmə proseslərini optimallaşdırmaq, aqrar istehsalın ərazi üzrə səmərəliliyini qiymətləndirmək mümkündür.

    O, həmçinin qeyd edib ki, aqrar sektorda ən mühüm məsələlərdən biri elmi tədqiqatların nəticələrinin birbaşa istehsalata tətbiqidir. Bu baxımdan, elmi müəssisələr, universitetlər, dövlət qurumları və aqrar istehsalçılar arasında əməkdaşlıq daha sistemli xarakter almalıdır. Elmi araşdırmaların nəticələri yalnız nəzəri bilik kimi qalmamalı, konkret ərazilərin və təsərrüfatların problemlərinin həllinə yönəldilməlidir.

      Bu məqsədlə aqrar ərazilər üzrə rəqəmsal məlumat bazalarının yaradılması, elmi monitorinq sistemlərinin qurulması, regional aqrar inkişaf modellərinin hazırlanması və pilot layihələrin həyata keçirilməsi vacibdir.

Aqrar sektorda elmi-coğrafi yanaşmalar kompleks nəticələrin əldə olunmasına imkan verir. Gələcəyin aqrar sektoru yalnız daha çox məhsul istehsal edən deyil, həm də təbii ehtiyatları qoruyan, iqlim dəyişmələrinə uyğunlaşan, rəqəmsal texnologiyalardan istifadə edən və iqtisadi riskləri minimuma endirən bir sistem olmalıdır.

     Zaur İmrani aqrar sektorda elmi-coğrafi yanaşmaların əsas strateji istiqamətləri sırasında iqlim risklərinin proqnozlaşdırılmasını, torpaq və su ehtiyatlarının rəqəmsal monitorinqini, aqrar-coğrafi rayonlaşdırmanın aparılmasını, aqrar istehsalda ekoloji yanaşmanın gücləndirilməsini, elmi nəticələrin istehsalata tətbiqini və regional aqrar inkişaf modellərinin hazırlanmasını xüsusi vurğulayıb. O bildirib ki, coğrafiya elminin müasir metodlarının aqrar sektorda daha geniş tətbiqi Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına və regionların davamlı iqtisadi inkişafına mühüm töhfə verə bilər.

https://azertag.az