Quraqlığa qarşı müasir həll: süni yağış texnologiyaları və tətbiq mexanizmləri 2026-11-26 15:16:00 / MÜSAHİBƏLƏR

      İqlim dəyişmələri, temperaturun yüksəlməsi və yağıntı rejiminin dəyişməsi dünyanın bir çox regionunda quraqlıq riskini artırır. Şirin su ehtiyatlarının azalması fonunda su qıtlığının qarşısının alınması və alternativ su mənbələrinin axtarışı getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu problem su ehtiyatlarının məhdudluğu və iqlim dəyişmələrinin təsirlərinin hiss olunduğu Azərbaycan üçün də aktualdır. Buna görə də yağıntıların süni yolla artırılması texnologiyaları ölkəmizdə də diqqətçəkən alternativlərdən biri kimi nəzərdən keçirilir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, hazırda dünyanın 50-dən çox ölkəsində quraqlığa qarşı mübarizə məqsədilə süni yağış texnologiyalarından istifadə edilir.

      Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, süni yağış yaratmaq üzrə müasir texnologiyalar yalnız atmosferdə buludların mövcud olduğu şəraitdə tətbiq edilir. Bu proses üçün həddindən artıq soyumuş su damcılarından ibarət buludların süni şəkildə buz kristallarına çevrilməsi tələb olunur. Məqsəd buludlarda kristallaşma prosesini sürətləndirərək yağıntının əmələ gəlməsinə şərait yaratmaqdır. Bu məqsədlə kristallaşma nüvələri rolunu oynayan xırdalanmış buz hissəciklərindən və müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr müxtəlif vasitələrlə buludların daxilinə yeridilir. Meteorologiyada bu proses “buludların süni səpilməsi” adlanır. Buludlara süni təsir göstərilməsi sahəsində müasir elmi tədqiqatların əsası 1946-cı ildə amerikalı alimlər Vinsent Şefer və İrvinq Lenqmurun apardıqları təcrübələrlə qoyulub.

       Həsən Nəbiyevin sözlərinə görə, tədqiqatçılar həddindən artıq soyumuş buludlara quru buz hissəcikləri yeridərək onların daxilində temperaturu mənfi 40 dərəcəyədək aşağı salıblar. Nəticədə buludlardakı su damcıları buz kristallarına çevrilib, kristalların böyüməsi isə yağıntının yaranmasına səbəb olub. Sonrakı araşdırmalar yodlu gümüşün də oxşar təsirə malik olduğunu üzə çıxarıb. Bu maddə mənfi 6 dərəcəyə yaxın temperaturda belə effektiv kristallaşma nüvəsi rolunu oynayır. Quru buz kimi yodlu gümüş də buz kristallarının sürətlə böyüməsinə və yağıntının əmələ gəlməsinə şərait yaradır. Bu maddələrin buludlara çatdırılması həm təyyarələr, həm də yerüstü qurğular vasitəsilə mümkündür. Bunun üçün yodlu gümüş məhlulu hopdurulmuş kömür asetonda yandırılır və yaranan tüstü hava axınları vasitəsilə buludlara yönəldilir.

 https://azertag.az