
17 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində Qazaxıstan Respublikasının Milli Pavilyonunda təşkil olunan “Xəzər İqlim Qalxanı” sessiyasında AR ETN Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani “Xəzər dənizinin Azərbaycan sektorunda dəniz səviyyəsinin dəyişməsi və iqlim tendensiyaları” mövzusunda elmi məruzə ilə çıxış edib.
Zaur İmrani çıxışında dəniz səviyyəsinin və çay axımının uzunmüddətli dinamikasına, eləcə də peyk müşahidələri əsasında sahil xəttinin geri çəkilməsinə dair tədqiqatların nəticələrinə toxunub. Təqdim olunan elmi nəticələr Xəzərin müxtəlif hissələrində müşahidə olunan səviyyə dəyişmələrinin müqayisəli təhlili baxımından mühüm əhəmiyyət daşıyıb və qazaxıstanlı alimlərin Şimali Xəzərlə bağlı araşdırmalarını tamamlayıb.
Məruzə Qazaxıstan tərəfindən yüksək qiymətləndirilib. “Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu” ASC-nin direktoru Zaur İmraninin çıxışına və elmi töhfəsinə görə ona rəsmi təşəkkür məktubu ünvanlayıb.
Təşəkkür məktubunda Azərbaycan və Qazaxıstanın elmi müəssisələri arasında Xəzər dənizinin tədqiqi sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, 16 noyabr 2024-cü il tarixində Bakıda keçirilən COP29 çərçivəsində tərəflər “Xəzər dənizinin reallıqları: dayanıqlı inkişaf” adlı birgə tədbir təşkil edib və əməkdaşlıq haqqında memorandum imzalayıblar. Sonrakı dövrdə birgə elmi konfranslar keçirilib, Xəzər dənizinin aktual problemlərinə dair elmi məqalələr hazırlanıb. Məktubda gələcəkdə dəniz səviyyəsinin və sahil xəttinin dinamikasının birgə araşdırılması, müşahidə nəticələrinin mübadiləsi və yeni elmi nəşrlərin hazırlanması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.