
24 noyabr 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisə olduğunu vurğulayıb. O, partiyanın formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, dövlətçilik ənənələrinin qorunmasında və ölkənin siyasi inkişafında oynadığı roldan bəhs edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib ki, Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də təsis edilməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələrdən biridir. Ölkənin ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşdiyi bir dövrdə yaradılan YAP dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və sabitliyin təmin olunması zərurətindən meydana gəlib.
Elman Nəsirov qeyd edib ki, partiyanın yaranması Azərbaycanın gələcəyinə görə məsuliyyət daşıyan insanların güclü siyasi təşkilata ehtiyacının nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan partiyanın inkişafında onun dövlətçilik ideyaları və müəyyənləşdirdiyi siyasi kurs mühüm rol oynayıb.
Deputat vurğulayıb ki, həmin siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, iqtisadi inkişafı və dövlət institutlarının möhkəmləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. O, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nəticələrinin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin davam etdirilməsinin qarşıda duran mühüm vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Daha sonra İnstitutun İnzibati şöbəsinin müdiri Həmdulla Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətindən, Ulu Öndər Heydər Əliyevin siyasi irsindən və partiyanın Azərbaycanın dövlətçilik tarixindəki rolundan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara diqqət çəkib. Bildirilib ki, YAP ötən 34 il ərzində siyasi fəaliyyəti, milli maraqlara əsaslanan ideoloji xətti və xalqla birliyi sayəsində Azərbaycanın siyasi həyatında mühüm yer tutub.
İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı da çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edib. O, Heydər Əliyevin xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi, onların təşkilatlanması və milli həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlərə toxunub. Qeyd edib ki, Ümummilli Liderin bu sahədə həyata keçirdiyi fəaliyyət dünya azərbaycanlılarının birliyi və diaspor quruculuğu baxımından mühüm əhəmiyyət daşıyıb. O, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” yaradılıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.