Coğrafiya elminin müasir metodları aqrar sektorun dayanıqlı inkişafında mühüm rol oynayır 2026-11-24 12:32:00 / MÜSAHİBƏLƏR

     Müasir dövrdə aqrar sektorun inkişafı yalnız istehsal həcminin artırılması və məhsuldarlığın yüksəldilməsi ilə məhdudlaşmır. İqlim dəyişmələri, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası, biomüxtəlifliyin zəifləməsi və ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar aqrar sektorda yeni elmi yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan, coğrafiya elminin tədqiqat metodları və məkan təhlili imkanları aqrar sektorun gələcək inkişafında mühüm strateji əhəmiyyət daşıyır.

       Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş direktoru dosent Zaur İmrani AZƏRTAC-a açıqlamasında bildirib ki, aqrar sektorun iqtisadi dayanıqlığı, ilk növbədə, təbii resurslardan düzgün istifadə, ərazilərin potensialının elmi-coğrafi əsaslarla qiymətləndirilməsi və istehsalın coğrafi xüsusiyyətlərə uyğun təşkilindən asılıdır. Onun sözlərinə görə, aqrar sektorun inkişafı artıq yalnız təbii-coğrafi şəraitdən asılı deyil. İnnovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi bu sahənin dayanıqlı iqtisadi fəaliyyət istiqaməti kimi inkişafına şərait yaradır. Bununla belə, aqrar istehsalın ərazi üzrə düzgün ixtisaslaşdırılması mühüm şərtdir. Bu, yalnız məhsulun hansı ərazidə yetişdirilməsini deyil, həm də həmin ərazinin uzunmüddətli ekoloji və iqtisadi potensialının müəyyənləşdirilməsini nəzərdə tutur.

        O qeyd edib ki, iqlim dəyişmələri aqrar sektorun qarşısında duran ən ciddi çağırışlardan biridir. Temperaturun yüksəlməsi, yağıntıların mövsümi paylanmasının dəyişməsi, quraqlıq dövrlərinin uzanması və ekstremal hidrometeoroloji hadisələrin intensivləşməsi kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərir. Belə şəraitdə iqlim risklərinin qabaqcadan qiymətləndirilməsi, aqroiqlim rayonlaşdırılmasının yenilənməsi, məhsul növlərinin dəyişən iqlim şəraitinə uyğun seçilməsi və suvarma sistemlərinin optimallaşdırılması vacibdir. Coğrafiya elminin iqlim modelləşdirilməsi və məkan təhlili metodları bu istiqamətdə mühüm elmi baza rolunu oynaya bilər.

       “Aqrar sektorun iqtisadi dayanıqlığının əsas şərtlərindən biri torpaq və su ehtiyatlarından səmərəli istifadədir. Torpaqların şoranlaşması, eroziya, münbitlik göstəricilərinin azalması və quraqlıq kənd təsərrüfatı torpaqlarının məhsuldarlığına mənfi təsir göstərir. Xüsusilə suvarılan ərazilərdə torpaqların meliorativ vəziyyətinin qiymətləndirilməsi və qrunt sularının dinamikasının izlənilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə alim bildirib.

          Zaur İmrani qeyd edib ki, coğrafi tədqiqatların nəticələri əsasında torpaqların ekoloji vəziyyətini xəritələşdirmək, riskli əraziləri müəyyənləşdirmək və torpaq ehtiyatlarından istifadəni optimallaşdırmaq mümkündür. Eyni zamanda, su ehtiyatlarının məkan və zaman baxımından qiymətləndirilməsi, suvarma tələbatının proqnozlaşdırılması və su itkilərinin azaldılması iqtisadi səmərəliliyin yüksəldilməsinə imkan yaradır. O vurğulayıb ki, coğrafiya elminin müasir metodlarının aqrar sektorda daha geniş tətbiqi Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına və regionların davamlı iqtisadi inkişafına mühüm töhfə verə bilər.

 https://azertag.az