AR ETN Coğrafiya İnstitutu Özbəkistanın elmi və təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir 2026-11-24 12:26:00 / MÜHÜM HADİSƏLƏR

        20 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında keçirilən “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda VI Beynəlxalq Elmi Konfrans çərçivəsində Özbəkistanın nümayəndə heyəti ilə elmi və akademik əməkdaşlığın inkişafına dair görüş keçirilib.

      Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Strateji inkişaf, monitorinq və qiymətləndirmə” sektorunun müdiri Sərxan Cəfərov, ADPU-nun Quba filialının direktoru Yusif Əliyev, Özbəkistanın Daşkənd Vilayəti Pedaqoji Ustalıq Mərkəzinin direktoru Timur Kalmuratov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

       Görüş zamanı Azərbaycan və Özbəkistan arasında elm və təhsil sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, elmi-tədqiqat və ali təhsil müəssisələri arasında institusional əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

   Coğrafiya İnstitutunun beynəlxalq əməkdaşlıq imkanları, strateji inkişaf istiqamətləri və elmi-tədqiqat fəaliyyəti görüşün əsas müzakirə mövzularından olub. Birgə elmi layihələrin hazırlanması, beynəlxalq konfrans və seminarların təşkili, elmi nəşrlər sahəsində əməkdaşlıq, gənc tədqiqatçıların akademik mübadilə proqramlarına cəlb edilməsi, eləcə də müasir təhsil texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

     Bununla yanaşı, coğrafiya elmi ilə təhsilin inteqrasiyası, dayanıqlı regional inkişaf, ekoloji maarifləndirmə, rəqəmsal təhsil texnologiyaları və pedaqoji innovasiyalar sahəsində birgə fəaliyyətin perspektivlərinə diqqət yetirilib.

     Tərəflər Azərbaycan və Özbəkistanın elmi və akademik müəssisələri arasında davamlı tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin və birgə elmi tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıblar.

       Görüş Coğrafiya İnstitutunun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Mərkəzi Asiyanın elm və təhsil müəssisələri ilə yeni tərəfdaşlıqların qurulması, eləcə də Türk dünyasının vahid elmi və akademik məkanının inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.