Coğrafiya İnstitutunun əməkdaşları Gəncə-Daşkəsən iqtisadi rayonunda elmi-tədqiqat işləri aparıblar 2026-11-23 15:11:00 / MÜHÜM HADİSƏLƏR

      Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının əməkdaşları 13–23 noyabr 2026-cı il tarixlərində Gəncə-Daşkəsən iqtisadi rayonunda ezamiyyətdə olublar.

       Ezamiyyətin məqsədi 2026-cı il üzrə yekunlaşdırılması nəzərdə tutulan “Gəncə-Daşkəsən iqtisadi rayonunun tibbi-coğrafi şəraitinin qiymətləndirilməsi” və “Gəncə şəhərinin mədəni irs turizm ehtiyatları və onlardan istifadə” mövzuları çərçivəsində ərazidə elmi-tədqiqat işləri aparmaq, təbii-coğrafi şəraitlə yerində tanış olmaq, yerli əhali arasında sorğular keçirmək və müvafiq məlumatlar toplamaq olub.

      Tədqiqat çərçivəsində laboratoriyanın əməkdaşı, a.e.i., coğrafiya üzrə fəlsəfə doktoru S. Rzayeva Gəncə şəhərində, Daşkəsən rayonunun Bayan və Xoşbulaq, eləcə də Göygöl rayonunun Qızılca kəndlərində yerli əhali arasında sorğular keçirib. Sorğular zamanı ətraf mühitin və ekoloji vəziyyətin əhalinin sağlamlığına təsiri, tibbi-coğrafi şərait, həyat keyfiyyəti və xəstəliklərin yayılma xüsusiyyətləri araşdırılıb. Həmçinin ərazidə müşahidə olunan endemik, infeksion və son dövrlərdə geniş yayılan virus xəstəlikləri ilə bağlı məlumatlar toplanıb.

      Laboratoriyanın digər əməkdaşları – b.e.i., coğrafiya üzrə fəlsəfə doktoru T.Hüseynova və Ş.İmrani isə “Gəncə şəhərinin mədəni irs turizm ehtiyatları və onlardan istifadə” mövzusu üzrə tədqiqat aparıblar. Onlar Gəncə şəhərində və Daşkəsən rayonunda yerləşən qədim tarixi abidələr, məscidlər və türbələrlə tanış olub, həmin mədəni irs nümunələrinin turizm potensialı və turistlərin bu obyektlərə marağı barədə məlumatlar əldə ediblər.

     Ezamiyyət çərçivəsində Gəncə Regional Turizm İdarəsində də görüş keçirilib. Mərkəzin direktoru F. Qarayev regiona il ərzində səfər edən turistlərin maraqları, ziyarət etdikləri məkanlar və turizm istiqamətləri barədə ətraflı məlumat verib.

Bununla yanaşı, Göygöl və Daşkəsən rayonlarında yerləşən turizm obyektləri ilə yerində tanışlıq olub, Bayan və Xoşbulaq kəndlərinin sakinləri arasında sorğular keçirilib.

     Aparılan tədqiqatların nəticələrinin müvafiq elmi işlərin yekunlaşdırılmasında və regionun tibbi-coğrafi xüsusiyyətləri, eləcə də mədəni irs turizm potensialının qiymətləndirilməsində istifadə olunması nəzərdə tutulur.