
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” çərçivəsində “Gələcəyin Kənd Təsərrüfatı 2026: Elm, innovasiya və dayanıqlılıq” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda AR ETN Coğrafiya İnstutunun direktoru c.e.d.,dosent Zaur İmrani və institutun əməkdaşları iştirak edib.
Tədbir öncəsi TECHERA və GBARU şirkətlərinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və ADAU-nun rəsmi tərəfdaşlığı ilə keçirilən “Regional Expo Gəncə 2026 – Sahibkarların Təqdimat Sərgisi” keçirilib. Sərgidə sənaye, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə çalışan sabihkarlar öz məhsullarını təqdim edib.
Konfransda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransın açılışında ADAU-nun rektoru Zəfər Qurbanov aqrar sektorun gələcək inkişafında elmi tədqiqatların, innovasiyaların, rəqəmsal texnologiyaların və dayanıqlı istehsal modellərinin əhəmiyyətini vurğulayıb. O, müasir çağırışların universitetlər, elmi-tədqiqat müəssisələri və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsini, elmi nəticələrin istehsalata tətbiqini zəruri etdiyini qeyd edib. Rektor konfransa 350-dən çox elmi məruzənin təqdim edildiyini, elm komitəsi tərəfindən 237 tezisin qəbul olunduğunu bildirib. Elmi materialların 42 ali təhsil və elmi-tədqiqat müəssisəsini əhatə etdiyini, ümumilikdə 369 müəllifin iştirak etdiyini deyərək, onlardan 107-nin ADAU-nu, 262-nin isə digər qurumları təmsil etdiyini vurğulayıb.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin ölkənin elmi, təhsil və iqtisadi inkişafındakı mövqeyini bildirərək, bu kimi tədbirlərin aqrar sahədə yeni təşəbbüslərin təşviqi, regionların inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov aqrar sektorun ölkənin iqtisadi potensialının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıblar. TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov aqrar sektorda rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqindən bəhs edib. O, universitetlər və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin, elmi tədqiqatların praktikaya tətbiqinin və tələbələrin innovativ layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov “Zaqatala – gələcəyin kənd təsərrüfatı” mövzusunda təqdimatla çıxış edərək regionun aqrar potensialı, inkişaf perspektivləri və müasir texnologiyaların tətbiqi imkanlarından danışıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zaur İmrani iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, təbii resurslardan səmərəli istifadə, torpaq və su ehtiyatlarının qorunması məsələlərinə toxunaraq aqrar inkişafda elmi-coğrafi və ekoloji yanaşmaların əhəmiyyətini qeyd edib. Zaur İmrani müasir dövrdə kənd təsərrüfatının yalnız ərzaq istehsalı sahəsi deyil, həm də milli təhlükəsizliyin, iqtisadi dayanıqlılığın, ekoloji tarazlığın və sosial rifahın əsas strateji istiqamətlərindən biri olduğunu vurğulayıb. Natiq dünyada iqlim dəyişmələri, su ehtiyatlarının azalması, torpaq deqradasiyası, demoqrafik artım və ərzaq tələbatının yüksəlməsi aqrar sektorda yeni yanaşmaların tətbiqini zəruri olduğunu vurğulayıb. Bunlarla bərabər, gələcəyin kənd təsərrüfatı ənənəvi istehsal modelindən elmi biliklərə, innovativ texnologiyalara və ekoloji məsuliyyətə əsaslanan yeni inkişaf modelinə keçidin zəruri olduğunu qeyd edib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının müdiri Bəhruz Bayramov çıxışlarında aqrar sahənin inkişafında iqtisadi təhlillərin, elmi tədqiqatların və bioloji yanaşmaların əhəmiyyətindən danışıblar.
Konfrans aqrar iqtisadiyyat və aqrobiznes, bitkiçilik və torpaqşünaslıq, dayanıqlı kənd təsərrüfatı, aqromühəndislik və mexanikləşdirmə, rəqəmsal texnologiyalar, eləcə də mütəxəssis hazırlığı istiqamətləri üzrə bölmə iclasları ilə davam edib. İclaslarda elmi məruzələr dinlənilib, müvafiq sahələr üzrə aktual məsələlər və inkişaf perspektivləri müzakirə olunub.