
17 noyabr 2026-cı il tarixindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda əməkdaşlar üçün coğrafi informasiya sistemləri (CİS) üzrə təlim kursuna başlanılıb.Kurs Geoməkan analitikası və kartoqrafiya şöbəsinin müdiri, c.ü.f.d Natavan Cəfərovanın rəhbərliyi ilə təşkil olunub.
Təlim çərçivəsində iştirakçılar coğrafi informasiya sistemləri sahəsində dünyada geniş istifadə olunan ArcGIS platforması, o cümlədən ArcMap və ArcGIS Pro proqramları ilə işləmək bacarıqlarına yiyələnirlər. Proqram üzrə praktiki məşğələlərdə məkan məlumatlarının emalı, təhlili və rəqəmsal xəritələrin hazırlanması istiqamətində bilik və bacarıqların artırılması nəzərdə tutulur. Kursun əsas məqsədi institut əməkdaşlarının müasir coğrafi texnologiyalardan istifadə imkanlarını genişləndirmək, elmi-tədqiqat işlərində rəqəmsal metodların tətbiqini təşviq etmək və tədqiqat nəticələrinin müasir xəritəçilik vasitələri ilə təqdim olunmasını təmin etməkdir.
Təlimlər Geoməkan analitikası və kartoqrafiya şöbəsinin əməkdaşları Natavan Cəfərova, Şamil Əzizov, Elvin Soltanov, Məryəm Hüseynova və Maksim Tağıyev tərəfindən keçirilir. Kursun texniki dəstəyini isə Səbinə Tağıyeva həyata keçirir.Təlim kursu Coğrafiya İnstitutunda müasir geoməkan texnologiyalarının tətbiqinin genişləndirilməsi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və əməkdaşların peşəkar biliklərinin artırılması baxımından əhəmiyyət daşıyır.