
Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində Azərbaycan pavilyonunda Xəzər dənizinin su səviyyəsinin azalması və bunun səbəbləri müzakirə olunub.“Geri çəkilən dəniz: Xəzər sahilində iqlim, təbiət və insanlar” adlı tədbirdə beynəlxalq ekspertlər və mütəxəssislər Xəzərin üzləşdiyi ekoloji problemləri diqqətə çatdırıblar.
IDEA İctimai Birliyi və CASPISNET-i təmsil edən Dr. Elnur Səfərov “Dəyişən Xəzər dənizi” mövzusunda təqdimatla çıxış edib.Təqdimatda açıqlanan elmi göstəricilərə əsasən, 2006–2020-ci illərdə əvvəlki dövrlə (1977–2005) müqayisədə Volqa çayının axımı 11,7 faiz, yağıntıların miqdarı isə 2,2 faiz azalıb. Tədbirdə Azərbaycanın Xəzər sahillərində baş verən dəyişikliklərlə bağlı diqqətçəkən rəqəmlər də açıqlanıb.Təqdim olunan xəritə və peyk görüntülərinə əsasən, seçilmiş sahil ərazilərində sahil xəttinin yerdəyişməsi Neftçalada 491 metr, Nabranda 187 metr, Sumqayıtda isə 82 metr təşkil edib.
Mütəxəssislərin təqdimatında bu dəyişikliklər Xəzər dənizinin səviyyəsinin azalmasının sahilyanı ərazilərə təsirini göstərən nümunələr kimi diqqətə çatdırılıb. Ölçmələrin aparıldığı dövrlərin ərazilər üzrə fərqləndiyi də qeyd olunub.Bildirilib ki, qlobal istiləşmə nəticəsində buxarlanmanın artması, çaylardan daxil olan suyun azalması və külək rejimindəki dəyişikliklər Xəzər dənizinin səviyyəsinə təsir göstərən əsas amillərdəndir.Müzakirələrdə Xəzər dənizinin gələcəyi, iqlim dəyişikliklərinin yaratdığı risklər və region ölkələrinin qarşılaşa biləcəyi ekoloji problemlər diqqət mərkəzində olub.
Qeyd edək ki, tədbir COP31-in Azərbaycan pavilyonunda təşkil olunub.