
2026-cı il noyabrın 6-da Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Qazaxıstanın Almatı şəhərində həyata keçirilən “Regenerativ turizm sahəsində təhsil, iqlim dəyişmələrinə uyğunlaşma və regional perspektivlər” adlı beynəlxalq layihə çərçivəsində iştirakçılar üçün Şımbulaq (Shymbulak) dağ-xizək kurortuna elmi-maarifləndirici səfər təşkil olunub.
Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zaur İmrani və institutun doktorantı Yusif Hidayətli də iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar dağlıq ərazilərin təbii-landşaft xüsusiyyətləri, turizm infrastrukturu, dağ ekosistemlərindən rekreasiya məqsədilə istifadə imkanları və iqlim dəyişmələrinin yaratdığı problemlərlə tanış olublar. Xüsusilə turizm fəaliyyətinin inkişafı ilə dağlıq ərazilərin təbii potensialının qorunması arasında tarazlığın təmin edilməsi məsələlərinə diqqət yetirilib.
Müzakirələr zamanı regenerativ turizmin yalnız ətraf mühitə mənfi təsirlərin azaldılmasını deyil, həm də təbii ehtiyatların bərpasını, biomüxtəlifliyin qorunmasını və ekosistem xidmətlərindən məsuliyyətli istifadəni təşviq edən yanaşma olduğu vurğulanıb.
Elmi-maarifləndirici proqram BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə də əlaqələndirilib. Xüsusilə keyfiyyətli təhsil, layiqli əmək və iqtisadi inkişaf, dayanıqlı şəhərlər və icmalar, iqlim dəyişmələrinə qarşı mübarizə, eləcə də quru ekosistemlərinin mühafizəsi istiqamətlərində regenerativ turizmin əhəmiyyəti diqqətə çatdırılıb.
Şımbulaq dağ-xizək kurortuna səfər beynəlxalq layihə çərçivəsində aparılan elmi müzakirələrin praktiki davamı olmaqla, regenerativ turizmin dağlıq ərazilərin davamlı inkişafında tətbiqi imkanlarının yerində öyrənilməsi, elmi biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsi və beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli olub.