1794385255.jpg)
4–6 noyabr 2026-cı il tarixlərində Tbilisi şəhərində “Coğrafiya və davamlı inkişaf: gələcəyin perspektivləri” (Geography and Sustainable Development: Future Perspectives – SFG 2026) adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfrans əlamətdar yubiley tarixlərinə – Aleksandr Cavaxişvilinin anadan olmasının 150 illiyinə, David Tseretelinin 120 illiyinə, Aleksandr Aslanikaşvilinin 110 illiyinə, həmçinin Gürcüstan Milli Elmlər Akademiyasının 85 illiyinə həsr olunmuşdur.
Konfransın təşkilatçıları İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu və Aleksandr Cavaxişvili adına Gürcüstan Coğrafiya Cəmiyyəti olmuşdur.
Tədbirin əsas məqsədi coğrafiya elminin müasir nailiyyətlərinin təqdim edilməsi, tədqiqatçılar arasında elmi bilik və təcrübə mübadiləsinin aparılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və coğrafiya sahəsində gələcək tədqiqatların perspektivli istiqamətlərinin müəyyənləşdirilməsi olmuşdur.
Konfransın proqramına aşağıdakı əsas tematik istiqamətlər daxil edilmişdir: meteorologiya və atmosfer prosesləri, biocoğrafiya və biomüxtəliflik, iqlim dəyişmələri, kriosfer, geodeziya və geoinformatika, kartoqrafiya və məsafədən zondlama, geomorfologiya və təhlükəli təbii proseslər, hidrologiya, torpaqşünaslıq, landşaftşünaslıq, fiziki və sosial-iqtisadi coğrafiya, tarixi coğrafiya və coğrafiya təhsili.
Konfrans çərçivəsində AR ETN Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının aparıcı elmi işçiləri, c.ü.f.d., dosent E.Kərimova və c.ü.f.d., dosent İ.Kuçinskaya poster sessiyasında iştirak edərək “Extreme precipitation as a factor of climate risks to transport infrastructure in tourist and recreational regions of Azerbaijan” (“Ekstremal yağıntılar Azərbaycanın turizm və rekreasiya regionlarında nəqliyyat infrastrukturuna təsiri: iqlim risk faktoru kimi”) mövzusunda birgə elmi poster təqdim etmişlər.
Proqramda təqdim olunan beynəlxalq elmi istiqamətlər arasında Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin mütəxəssislərinin tədqiqatları da yer almışdır. Konfrans iştirakçılarının elmi məruzələri tematik müxtəlifliyi və müzakirə olunan problemlərin aktuallığı ilə fərqlənmişdir.
Konfrans çərçivəsində təşkilatçılar tərəfindən iştirakçılar üçün Kaxetiya regionuna elmi-maarifləndirici ekskursiya təşkil edilmişdir. Ekskursiya zamanı Gürcüstanın bu regionunun təbii, tarixi-mədəni və coğrafi xüsusiyyətləri ilə tanış olmaq imkanı yaranmışdır.
Konfransda iştirak Azərbaycan alimlərinin tədqiqat nəticələrini beynəlxalq elmi platformada təqdim etməyə, xarici həmkarlarla təcrübə mübadiləsi aparmağa və coğrafi tədqiqatlar sahəsində peşəkar əlaqələri möhkəmləndirməyə imkan vermişdir.Coğrafiya İnstitutunun alimləri Tbilisidə keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər