1793950200.jpg)
Azərbaycan Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zaur İmrani və İnstitutun doktorantı Yusif Hidayətli 3–7 noyabr 2026-cı il tarixlərində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Qazaxıstan Respublikasının Almatı şəhərində həyata keçirilən “Regenerativ turizm sahəsində təhsil, iqlim dəyişmələrinə uyğunlaşma və regional perspektivlər” adlı Beynəlxalq tədbirdə iştirak ediblər. Beynəlxalq tədbir “Regenerativ turizm təhsilinin inkişafı: Mərkəzi Asiya və Cənubi Qafqazda iqlim dəyişmələrinə uyğunlaşma üzrə transmilli universitet tərəfdaşlığı” layihəsi çərçivəsində təşkil olunub.
Beynəlxalq layihənin tərəfdaşı kimi Almaniyanın Yustus Libix adına Gissen Universitetinin Coğrafiya departamentinin, Azərbaycanın Coğrafiya İnstitutunun, Qazaxstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Coğrafiya və ətraf mühit elmləri fakültəsinin, eləcə də Dayanıqlı İnkişaf üzrə UNESCO kafedrasının, Tacikistanın Milli Elmlər Akademiyasının və Tacikistan Milli Universitetinin rəhbərləri, professorları, müəllimləri, müəssisələri, tədqiqatçıları və doktorantları iştirak edirlər.
Tədbiri layihə rəhbəri Markus Fuks açaraq müasir dövrdə Mərkəzi Asiya və Cənubi Qafqazda regenerativ turizmin üstünlüklərindən və onun təhsil sisteminə inteqrasiyasından danışıb. Belə ki, tədbirin əsas məqsədi məhz regenerativ turizm təhsilinin inkişafı, iqlim dəyişmələrinin regional təsirlərinin öyrənilməsi, təbii landşaftların qorunması və dayanıqlı regional inkişaf istiqamətlərində elmi əməkdaşlığın genişləndirilməsidir.
Tədbirdə regional və konseptual məsələlərə həsr olunmuş birinci sessiyada Zaur İmrani “Türkdilli dövlətlərin turizm potensialı və ondan istifadə yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türkdilli dövlətlərin malik olduğu zəngin təbii-coğrafi, tarixi-mədəni və rekreasiya resurslarının turizmin inkişafında rolu, bu potensialdan səmərəli istifadə imkanları və regional əməkdaşlığın perspektivliyinə toxunulub. Bunula yanaşı, Türk dünyasında turizm əlaqələrinin genişləndirilməsi, ortaq turizm məkanının formalaşdırılması və regionlararası əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Daha sonra iqlim dəyişmələrinin regional təbii sistemlərə təsiri, qlobal ekoloji sindromlar, Aral dənizi və “Dust Bowl” sindromları, quraqlığın biomüxtəlifliyə təsiri, meşə yanğınlarının yaranma ehtimalı, havanın keyfiyyəti və kənd təsərrüfatı landşaftlarının məsafədən zondlama texnologiyaları vasitəsilə xəritələşdirilməsi kimi aktual elmi məsələlər müzakirə olunub.
Tədbirin digər mühüm istiqamətlərindən biri regenerativ turizmin regional inkişafda rolu araşdırılmış, bu kontekstdə dayanıqlı qonaqpərvərlik təcrübələrinin tətbiqi, turizm destinasiyalarının idarə olunması, ekoloji maarifləndirmə, məkan məlumatları infrastrukturu və münaqişədən sonrakı ərazilərin bərpasında regenerativ turizmin potensialı müzakirə edilmişdir.
Azərbaycan Coğrafiya İnstitutunun bu beynəlxalq tədbirdə təmsil olunması ölkəmizin coğrafiya elminin beynəlxalq elmi əməkdaşlıq platformalarında iştirakının genişləndirilməsinə, Türk dünyasında turizm potensialının elmi əsaslarla qiymətləndirilməsinə və Mərkəzi Asiya–Cənubi Qafqaz elmi əlaqələrinin möhkəmləndirilməsinə töhfə verir.