
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, həmrəyliyinin və sarsılmaz iradəsinin təntənəsidir. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışaraq, tarixi Qələbənin qazanılmasında hərbi qüdrətlə yanaşı, dövlətimizin məqsədyönlü siyasətinin və diplomatik fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb.
İnstitutun əməkdaşı Həlimə Əhmədzadə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş təqdimatla müşayiət edilən məruzə ilə çıxış edib. Məruzədə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın taleyindəki müstəsna əhəmiyyəti, Zəfərə aparan yol və üçrəngli Dövlət Bayrağımızın müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin rəmzi kimi daşıdığı mənəvi dəyər diqqətə çatdırılıb. Təqdimat zamanı Azərbaycanın şanlı Zəfər tarixini əks etdirən materiallar nümayiş olunub, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın qələbə əzmi xüsusi vurğulanıb. Bildirilib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü milli qürurumuzun, dövlətçilik ənənələrimizin və vətənpərvərlik ruhumuzun təcəssümüdür.
İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Ruslan Məhəmmədov çıxışında Vətən müharibəsi günlərini xatırladaraq, xalqımızın həmin dövrdə nümayiş etdirdiyi birlik və həmrəyliyin əhəmiyyətindən danışıb. O, şəhidlərin qəhrəmanlığının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Bildirib ki, bu Qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə deyil, həm də ölkəmizin ərazi bütövlüyünün bərpası, milli qürurumuzun yüksəlişi və yeni inkişaf mərhələsinin başlanması ilə əlamətdardır. Deputat işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışaraq, şəhidlərin xatirəsinin əziz tutulmasının, qazilərə diqqət və qayğı göstərilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırıb.
AR ETN Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Habil Qurbanov çıxışında tarixi Zəfərin xalqımızın çoxəsrlik mübarizə tarixində müstəsna yer tutduğunu bildirib. O, qələbəyə aparan yolun xalqın milli iradəsi, dövlətə inamı və güclü liderlik ətrafında birləşməsi ilə mümkün olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsası qoyulan dövlətçilik, ordu quruculuğu və milli birlik siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi tarixi Zəfərin mühüm siyasi əsaslarını formalaşdırıb. Habil Qurbanov bu Qələbənin gələcək nəsillər üçün vətənpərvərlik, birlik və dövlətə sədaqət nümunəsi olduğunu diqqətə çatdırıb.
İnstitutun inzibati şöbəsinin müdiri Həmdulla Əliyev çıxışında tarixi Zəfərin xalqımızın birliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti nəticəsində qazanıldığını bildirib. O, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, qazilərimizə cansağlığı arzulayıb və iştirakçıları əlamətdar günlər münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən c.ü.f.d, dosent Ziyafət Ağayev, c.e.d, dosent Mirnuh İsmayılov və c.e.d, dosent Nəriman Paşayev, c.e.d, professor Rza Mahmudov, b.ü.f.d. dosent Zaman Məmmədov zəfərə aparan tarixi yoldan, xalqımızın torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən və 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqdan bəhs ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin tarixi qələbənin qazanılmasında mühüm rolu vurğulanıb. Bildirilib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü xalqımızın milli qürurunun, birliyinin və müstəqil dövlətçilik ənənələrinin təntənəsidir.
Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün və 9 Noyabr – Dövlət Bayrağı Gününün xalqımız üçün daşıdığı tarixi və mənəvi əhəmiyyəti yüksək qiymətləndirərək, bu əlamətdar günlərin gələcək nəsillərə milli birlik, vətən sevgisi və dövlətçilik dəyərlərinin aşılanmasında mühüm rol oynadığını bildiriblər.
Tədbirin sonunda Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulanıb, iştirakçılar və bütün Azərbaycan xalqı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edilib.