
Noyabrın 3-də “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda V Beynəlxalq Elmi Konfrans plenar və bölmə iclasları ilə davam edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Türkiyənin Qazi Universiteti ilə əməkdaşlığı çərçivəsində təşkil olunan konfransda yerli və xarici alimlər coğrafiya elminin müasir problemləri, ekoloji çağırışlar, iqlim dəyişmələri və təhsildə yeni yanaşmalarla bağlı məruzələr təqdim ediblər.
Plenar iclasda Türkiyənin Qazi Universitetinin professoru Salih Şahin “Çoxsaylı risklər dövründə əhali və məskunlaşma: Güclü coğrafi biliklərin və təhsilin rolu” mövzusunda çıxış edib. Məruzədə müasir dövrdə əhali və məskunlaşma proseslərinin öyrənilməsində coğrafi biliklərin və təhsilin əhəmiyyəti diqqətə çatdırılıb.
Professor Şövqisefa Göyçayski “İdarəetmədə ətraf mühit və coğrafi ekologiyanın əhəmiyyəti” mövzusunda məruzə təqdim edib. Çıxışda ekoloji amillərin idarəetmə proseslərində nəzərə alınmasının vacibliyi ön plana çəkilib.
Özbəkistanlı alim Aziza Almuradova isə “Özbəkistanın Kattakurqan rayonunda ekoturizmə yararlılıq meyarı kimi NDVI-nin məkan qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bitki örtüyünün vəziyyətinin qiymətləndirilməsi və ekoturizm potensialının müəyyənləşdirilməsində müasir coğrafi tədqiqat metodlarının tətbiqi məsələlərinə toxunulub.Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.