
Noyabrın 2-də AR ETN Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Transdisciplinarity in Practice: Participatory Workshop” (“Transdisiplinarlıq təcrübədə: iştirakçı əsaslı vorkşop”) mövzusunda beynəlxalq elmi-praktik tədbir keçirilib.
Vorkşopun əsas məqsədi müxtəlif elm sahələri arasında əməkdaşlığın gücləndirilməsi, transdisiplinar tədqiqat yanaşmalarının tətbiq imkanlarının müzakirəsi, elmi biliklərin praktiki problemlərin həllinə yönəldilməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun direktoru,c.e.d.,dosent Zaur İmrani müasir elmin qarşısında duran çağırışlardan və onların həllində kompleks elmi yanaşmaların əhəmiyyətindən bəhs edib.
Zaur İmrani beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl tədqiqat metodlarının mənimsənilməsinin və əldə olunan elmi nəticələrin praktikada tətbiqinin vacibliyini vurğulayıb. Direktor bu cür beynəlxalq elmi-praktik tədbirlərin alimlər arasında bilik və təcrübə mübadiləsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və birgə tədqiqat təşəbbüslərinin formalaşmasına əlverişli imkan yaratdığını bildirib.
Açılış mərasimində çıxış edən coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov, İa İaşvili və Markus Fuks transdisiplinar yanaşmanın müasir elmi tədqiqatlarda artan əhəmiyyətindən, müxtəlif elm sahələri arasında inteqrasiyanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi zərurətindən bəhs ediblər. Çıxışlarda qlobal ekoloji və sosial-iqtisadi çağırışların həllində elmi biliklərin, innovativ metodların və praktiki təcrübənin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Vorkşopun elmi hissəsində Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat və biznes fakültəsinin dosenti Merab Khokhobaya “Transdisiplinarlığın anlaşılması: prinsiplər və təcrübə” mövzusunda məruzə ilə çıxış edib.Məruzəçi transdisiplinar yanaşmanın nəzəri əsaslarını, metodoloji xüsusiyyətlərini və müasir elmi tədqiqatlarda tətbiq istiqamətlərini ətraflı izah edib. O, monodisiplinar, multidisiplinar, interdisiplinar və transdisiplinar tədqiqat modelləri arasındakı fərqlərə toxunaraq, elmi problemlərin həllində bu yanaşmaların imkanlarını müqayisəli şəkildə təqdim edib.
Bildirilib ki, transdisiplinar yanaşma yalnız müxtəlif elm sahələrinin əməkdaşlığını deyil, eyni zamanda elmi ictimaiyyətlə cəmiyyətin digər iştirakçıları arasında qarşılıqlı əlaqənin qurulmasını nəzərdə tutur.
Həmçinin yoxsulluq, ətraf mühitin deqradasiyası, biomüxtəlifliyin qorunması və resurslardan səmərəli istifadə kimi kompleks problemlərin həllində transdisiplinar tədqiqatların əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirin praktiki hissəsində iştirakçılar altı komandaya bölünərək qrup işlərinə cəlb olunublar. Komandalara verilən tapşırıqlar əsasında birgə müzakirələr aparılıb, müxtəlif elmi baxışların və yanaşmaların uzlaşdırılması istiqamətində fikir mübadiləsi həyata keçirilib. Qrup işləri iştirakçıların qarşılıqlı əməkdaşlıq, kollektiv təhlil və problemlərə kompleks yanaşma bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.İnteraktiv formatda təşkil olunan vorkşop beynəlxalq elmi təcrübənin bölüşülməsi, transdisiplinar tədqiqat metodlarının daha dərindən mənimsənilməsi və müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olub.
Beynəlxalq təcrübə mübadiləsinə və elmi əməkdaşlığın inkişafına xidmət edən tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Almaniya, Qazaxıstan, Özbəkistan və Türkiyədən olan alim və mütəxəssislər iştirak ediblər.