AR ETN Coğrafiya İnstitutunda fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib 2026-11-02 11:28:00 / ELMİ İCLASLAR
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ nəzdində fəaliyyət göstərən FD 1.23 Dissertasiya Şurasının bazasında yaradılmış BFD 1.23 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib.
İclasda İnstitutun doktorantı  Ayşən Məmmədovanın 5403.01 – “İnsan coğrafiyası” ixtisası üzrə coğrafiya elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda təbii-coğrafi və sosial-iqtisadi şəraitin insan sağlamlığına təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi baş tutub.
İclasa Dissertasiya Şurasının sədri, Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani sədrlik edib.
Əvvəlcə Dissertasiya Şurasının elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Ziyafət Ağayev iddiaçı haqqında qısa məlumat verib və şuraya təqdim olunmuş sənədlərlə üzvləri tanış edib. Daha sonra iddiaçı Ayşən Məmmədovaya söz verilib. O, dissertasiya işinin əsas müddəaları, tədqiqatın məqsəd və vəzifələri, əldə olunan elmi nəticələr barədə ətraflı məlumat təqdim edib.
Müzakirələr zamanı rəsmi opponentlər – coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Firuzə Cəfərova və coğrafiya üzrə fəlsəfə doktoru Elnurə Qasımovanın dissertasiya işinə dair rəyləri dinlənilib. İddiaçı rəylərdə qeyd olunan iradlara münasibət bildirib və şura üzvlərinin suallarını cavablandırıb.
İclasda, həmçinin alimlərin çıxışları dinlənilib. Müzakirələr başa çatdıqdan sonra dissertasiya şurasında gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ayşən Məmmədovaya 5403.01 - “İnsan coğrafiyası” ixtisası üzrə coğrafiya elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi barədə qərar qəbul edilib.