29 oktyabr 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda coğrafiya üzrə fəlsəfə doktoru Şahnaz Amanovanın 54.08.01 – Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası üzrə “Şəhər landşaftlarının inkişafı və idarə olunma problemləri (Kür-Araz ovalığı və ətraf ərazilər timsalında)” mövzusunda hazırladığı elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Seminar zamanı iddiaçı tərəfindən aparılmış elmi tədqiqatın əsas istiqamətləri və nəticələri təqdim olunub, dissertasiya işinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti barədə məlumat verilib.
Daha sonra dissertasiya işinə dair hazırlanmış elmi rəylər oxunub. Rəylərdə tədqiqat mövzusunun aktuallığı, aparılmış araşdırmaların elmi əhəmiyyəti və əldə edilmiş nəticələr qiymətləndirilib, eyni zamanda dissertasiyanın təkmilləşdirilməsi ilə bağlı irad və tövsiyələr diqqətə çatdırılıb.
İlkin müzakirənin yekununda keçirilən səsvermənin nəticələrinə əsasən, Şahnaz Amanovanın təqdim etdiyi elmlər doktoru dissertasiya işinin ilkin müzakirədən keçmədiyi müəyyən edilib. Dissertasiyanın səsləndirilən irad və tövsiyələr nəzərə alınmaqla yenidən işlənməsi və təkmilləşdirilməsi qərara alınıb.