
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında elm, təhsil, innovasiya və elmi-tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Görüşdə Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani memorandumun müasir coğrafi texnologiyaların tətbiqi, elmi təcrübə mübadiləsinin genişləndirilməsi və birgə tədqiqatların aparılması üçün yeni imkanlar yaradacağını bildirib. O, tərəflərin elmi potensialının əlaqələndirilməsinin, aktual ekoloji problemlərin kompleks şəkildə araşdırılmasının və əldə olunan nəticələrin praktikada tətbiqinin əhəmiyyətini vurğulayıb.
SDU-nun rektoru, professor Nurəli Yusifbəyli əməkdaşlığın birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və gənc tədqiqatçıların elmi potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Rektor akademik təcrübə mübadiləsinin, birgə elmi layihələrin həyata keçirilməsinin və yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasının əsas prioritetlərdən olduğunu bildirib.
Memorandum coğrafi informasiya sistemləri (CİS) və məsafədən zondlama texnologiyalarının tətbiqini, laboratoriya və çöl tədqiqatlarının aparılmasını, tələbə, magistrant və doktorantların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsini əhatə edir. Sənəddə, həmçinin professor-müəllim heyəti və tədqiqatçılar üçün təlim və ixtisasartırma tədbirlərinin təşkili, birgə elmi nəşrlərin hazırlanması və qrant layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq Coğrafiya İnstitutunun elmi-tədqiqat təcrübəsi ilə universitetin təhsil və kadr hazırlığı imkanlarının əlaqələndirilməsinə, tərəflərin infrastruktur potensialından qarşılıqlı istifadəyə, tətbiqi tədqiqatların genişləndirilməsinə və regionun ekoloji problemlərinin elmi əsaslarla araşdırılmasına imkan yaradacaq.