AR ETN Coğrafiya İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib 2026-10-29 11:24:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Tədbiri giriş sözü ilə Elmi kadrların hazırlığı sektorunun müdiri Museyib Yunusov açaraq mülki müdafiə tədbirlərinin əhəmiyyətindən danışıb.

Mülki Müdafiə Qərargahının rəisi Ruslan Məhəmmədov çıxışında müxtəlif səbəblərdən baş verə biləcək fövqəladə hadisələr, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması yolları barədə məlumat verib. O, rəhbər vəzifələrdə çalışan əməkdaşların mülki müdafiə sahəsində vəzifə və öhdəliklərini, eləcə də fövqəladə hallar zamanı xilasetmə və təxliyə işlərinin təşkili qaydalarını diqqətə çatdırıb.

Məşq zamanı mülki müdafiənin əsas məqsədləri barədə məlumat verilib. Bildirilib ki, mülki müdafiə tədbirləri fövqəladə hadisələrin qarşısının alınması üçün qabaqlayıcı və profilaktik tədbirlərin görülməsini, hadisələr zamanı mümkün ziyan və itkilərin minimuma endirilməsini, həmçinin fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılmasını nəzərdə tutur.

Məşq çərçivəsində zəlzələ zamanı davranış qaydalarına da xüsusi diqqət yetirilib. Qeyd olunub ki, zəlzələ baş verdikdə ilk növbədə təşvişə düşməmək, təhlükəsiz davranmaq və mövcud şəraitə uyğun düzgün qərar qəbul etmək vacibdir.

Bildirilib ki, mülki müdafiə məşqlərinin keçirilməsi əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə, idarəetmə və xəbərdarlıq mexanizmlərinin səmərəliliyinin yoxlanılmasına, insanların həyat və sağlamlığının qorunması istiqamətində zəruri bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət edir.