Coğrafiya İnstitutunun alimi Qazaxıstanda Xəzər dənizinin ekoloji problemlərinə dair beynəlxalq seminarlarda məruzə edib 2026-10-27 15:42:00 / MÜHÜM HADİSƏLƏR

Almaniya Federativ Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin İqtisadi şöbəsinin rəsmi dəvəti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova Xəzər dənizinin ekoloji problemləri, su səviyyəsinin azalması və gələcək inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi seminarlarda məruzəçi qismində iştirak edib.

Beynəlxalq elmi seminarlar 19 oktyabr 2026-cı il tarixində Aktau şəhərində Ş. Yessenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetində, 20 oktyabrda isə Atırau şəhərində Atırau Neft və Qaz Universitetində keçirilib.

Natavan Cəfərovanın məruzəsi “Xəzər dənizində mövsümi neft dağılmalarının dinamikasının və ekoloji risklərin çoxsensorlu peyk monitorinqi: «Neft Daşları» dəniz yatağının timsalında” (“Integrated Multi-Sensor Satellite Monitoring of Seasonal Oil Spill Dynamics and Environmental Risks in the Caspian Sea: The Case of the Oil Rocks Offshore Field”) mövzusuna həsr olunub.Məruzədə Sentinel-1, Sentinel-2 və Landsat-8 peyk məlumatları əsasında «Neft Daşları» akvatoriyasında neftəbənzər səth ləkələrinin mövsümi dinamikasının monitorinqi metodikası, ekoloji risklərin qiymətləndirilməsi və çoxsensorlu peyk monitorinqinin Xəzər dənizinin sahil və açıq dəniz mühitinin davamlı idarə olunmasında tətbiq imkanları təqdim edilib.

Seminarlarda Qazaxıstan universitetlərinin, elmi-tədqiqat institutlarının və dövlət qurumlarının nümayəndələri, alimlər və tələbələr iştirak ediblər. Müzakirələr zamanı Xəzər dənizinin su səviyyəsinin azalması, dəniz ekosistemlərinin mühafizəsi, peyk monitorinqi məlumatlarının mübadiləsi və Xəzəryanı ölkələrin alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Qazax Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun (KazNIIKM) əməkdaşları ilə də görüş keçirilib. Görüşdə Xəzər dənizinin ekoloji vəziyyətinin öyrənilməsi və bu sahədə elmi əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.